Azərbaycan, Bakı, 7 dekabr /Trend/
"Sumqayıtın çirklənmiş ərazilərinin kadastrı"nın təqdimat mərasimi keçirilib. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı yayılan məlumatında deyilir.
Kadastr sənaye zonasında, o cümlədən kimya müəssisələrinin ətraf ərazilərində aparılmış ciddi müşahidə, təhlil və yoxlamaların nəticəsi olaraq hazırlanıb.
Kadastrın hazırlanmasında Lüdviqshafen şəhərinin Ekologiya departamentinin dəstəyi ilə Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin mütəxəssisləri kömək göstəriblər.
Sənədin hazırlanmasında Lüdviqshafen və Almaniyanın digər şəhərlərində ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı əldə olunmuş zəngin təcrübədən istifadə edilib.
Kadastrda çirklənmiş ərazilərin ətraf mühitə vurduğu zərər, yaratdığı təhlükə də göstərilib.
Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin ekoloq və ekspertləri yuxarıda göstərilənlərin müəyyənləşdirilməsi ilə kifayətlənməyərək, konkret təkliflər paketi ilə də çıxış ediblər.