Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə qeyri-qanuni tikililərin inventarlaşdırılması üzrə işi davam etdirir. Bu barədə çərşənbə günü Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev deyib.
"Qeyri-qanuni tikililərin inventarlaşdırılması üzrə iş beynəlxalq ekspertlərlə, Dünya Bankı ilə birgə "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində aparılır", - Quliyev bildirib.
Onun sözlərinə görə, bu günə artıq qeyri-qanuni tikililərlə bağlı məsələlərin tənzimlənməsi üzrə bir sıra təkliflər hazırlanıb və onlar ölkə hökumətinə təqdim ediləcək.
Bundan əvvəl Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Damət Bağırovun dediyi kimi, Dünya Bankı ilə layihə çərçivəsində dövlət xidməti nəzdində yaradılan işçi qrupu Azərbaycanda qeyri-qanuni tikililərin araşdırılmasını və vəziyyətin qiymətləndirilməsini aparıb.
Ölkədə belə tikililərin sayından danışan dövlət xidmətinin rəhbəri deyib ki, dəqiq məlumatlar Azərbaycanda qeyri-qanuni tikililərlə bağlı müəyyən tənzimləmə metodologiyası hazırlandıqdan sonra məlum olacaq. Əvvəllər respublikada 400 mindən çox qeyri-qanuni tikili olduğu bildirilirdi.
Azərbaycan hökuməti və Dünya Bankı 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastr sisteminin birgə tətbiqi barədə saziş imzalayıblar. Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə edilməsi və reyestri; baza torpaq xəritəsi və torpaq kadastrı; treninqlər, siyasətin formalaşması və layihənin idarəsi. Layihənin dəyəri 38,57 milyon dollar təşkil edir. Bundan Dünya Bankının payına 30 milyon dollar düşür. Kredit vəsaitləri beş il güzəştli olmaqla, 20 il müddətinə verilib.