Аzərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Qobustan və ətraf rayonlarda fəaliyyət göstərən 28 sahibkara 314 min manat həcmində güzəştli kredit verilib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatında deyilir.
Məlumatda deyilir ki, bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində iştirakçılar Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına "İlk Aqrokom" MMC-nin taxıl məhsullarının təmizlənməsi və saxlanılması məqsədilə Qobustan rayonunda inşa etdirdiyi, tutumu 10 min ton olan taxıl anbarı kompleksi və Abşeron rayonunda quşçuluq təsərrüfatında istehsalın genişləndirilməsi məqsədilə aparılan tikinti işləri ilə tanış olublar.
Cümə günü SKMF Qobustan rayonunda 250-ə yaxın sahibkarın iştirakı ilə növbəti tədbir keçirib. Tədbir çərçivəsində Qobustan rayonunda prioritet sahələr müəyyən edilib.
Ümumilikdə Fond 2010-cu ilin ötən dövründə 1397 sahibkara 107,8 milyon manat həcmində güzəştli kreditlər verib. Verilmiş kreditlərin 99,8%-i regionların payına düşür. Bu kreditlər hesabına 5400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Dekabrın 17-nə olan rəsmi məzənnə 0,7987 AZN/USD təşkil edir.