...

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta işçilərin sosial müdafiəsini gücləndirəcək – Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2010 15:30 (UTC +04:00)
Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi ölkənin işləyən əhalisinin sosial inkişafını və rifahını yaxşılaşdıracaq.
Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta işçilərin sosial müdafiəsini gücləndirəcək – Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi ölkənin işləyən əhalisinin sosial inkişafını və rifahını yaxşılaşdıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.

"Yeni qanunun tətbiqi təzminatların ödənilməməsi nəticəsində işçilər və işəgötürənlər arasında yaranan məhkəmə araşdırmalarının sayını da azaldacaq", - Xəlilov qeyd edib.

Onun sözlərinə görə, bundan sonra ölkədə bütün işəgötürənlər öz işçilərini sığorta etdirməlidirlər. İcbari sığorta "Sosial sığorta haqqında" qanuna uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunda uçotda olan şəxslərə, o cümlədən hüquqi şəxslərə, xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə tətbiq ediləcək.

Xəlilov onu da qeyd edib ki, yeni icbari sığorta növü üzrə tariflər sığortanın risq səviyyəsindən asılı olacaq. İşəgötürənlər sığortaçıları seçməkdə müstəqil olacaqlar, eləcə də sığorta polisinin qüvvədə olmasının dayandırılması və digər sığorta şirkəti ilə müqavilənin bağlanması mümkündür. Yeni icbari sığorta növü üzrə sığorta müqavilələri müddətsiz bağlanılır.

"Sığortanın bu növü üzrə illik yığımlar 30-40 milyon manat həddində gözlənilir", - Xəlilov qeyd edib.

Hazırda ölkədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə xidmətin göstərilməsi hüququna yalnız iki şirkət - "Atəşgah Həyat" və "Qala Həyat" malikdirlər. 2011-ci ildə müstəsna olaraq, həyat sığortası ilə məşğul olan şirkətlərin sayının artacağı gözlənilir.

Sığortanın yeni növünün tətbiqi ilə bağlı Xəlilov bildirib ki, qanun rəsmən qüvvəyə minib, lakin onun praktiki tətbiqinə bir neçə ay lazım olacaq. 2011-ci il üçün Azərbaycanın dövlət büdcəsindən büdcə təşkilatları üçün icbari sığortanın tətbiqinə görə 10 milyon manat ayrılıb.

"Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi işəgötürənlər tərəfindən istehsalatda bədbəxt hadisələrin və ya ölüm hallarının gizlədilməsi faktlarının aradan qaldırılması üçün şərait yaradacaq", - Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyinin rəhbərinin müavini Məhərrəm Məhərov belə hesab edir.

"Əmək Müfəttişliyi belə faktlarla dəfələrlə rastlaşıb və Səhiyyə Nazirliyinə, Respublika Prokurorluğuna, eləcə də polisə bu strukturlar tərəfindən belə faktlar aşkar edildikdə onların xəbərdar edilməsi ilə bağlı müraciət edib", - Məhərov bildirib.

Onun sözlərinə görə, yeni qanun işəgötürənlərlə əmək müqaviləsi bağlayan şəxslərə aid ediləcək. Digər hallarda işçilər bu məsələni məhkəmə oqranları ilə aydınlaşdımalı olacaqlar.

Məhərovun sözlərinə görə, əmək müqaviləsi bağlamayan işəgötürənlərə qarşı cərimə sanksiyaları İnzibati Xətalar Məcəlləsinə əsasən, 2000 manat səviyyəsində müəyyənləşib. Yeni qanunun tələblərini yerinə yetirməyən işəgötürənlər üçün sanksiyalar 1500-3000 manat səviyyəsində müəyyən edilib.

"Əmək Müfəttişliyinin əsas məqsədi işəgötürənlərə cərimə sanksiyalarının tətbiqi yox, işçilər üçün normal əmək şəraitinin yaradılmasıdır ki, bu da öz növbəsində işəgötürəni təzminat üçün əlavə vəsaitlərin ödənilməsindən azad edəcək", - Məhərov bildirib.

Onun sözlərinə görə, ilk bir neçə ay ərzində Əmək Müfəttişliyi işəgötürənlərə göstərişlər verməklə kifayətlənəcək, gələcəkdə isə cərimə sanksiyaları tətbiq ediləcək.

Ümumdünya Əmək Təşkilatının məlumatına görə, hər il dünyada istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2,3 milyon insan həlak olur, bu rəqəmdən üç dəfə çox şəxs isə müxtəlif növ zədələr alır.

2007-ci ildə Azərbaycanda 259 bədbəxt hadisyə, 128 ölüm faktına, 202 müxtəlif növ zədəalma halına təsadüf edilib, 2008-ci ildə 255 bədbəxt hadisə, 79 ölüm faktı və 212 zədəalma faktı, 2009-cu ildə 250 bədbəxt hadisə, 69 ölüm hadisəsi və 218 zədəalma faktı qeydə alınıb.

Məhərov vurğulayıb ki, işəgötürənlər istehsalda zədələnmə zamanı bir il ərzində işçilərə kompensasiyanı ödəməlidir.

2010-cu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunu təsdiq edib.

Xəbər lenti

Xəbər lenti