...

2011-ci ilin birinci yarısında Azərbaycanda daşınmaz əmlak bazarında aktivliyin bərpası ehtimalı böyük deyil - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2011 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ildə Azərbaycanda daşınmaz əmlak bazarını 2009-cu illə müqayisədə sabit kimi qiymətləndirmək olar. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov Əmlak Məsələləri Dövlət Komitəsinin nəşr etdirdiyi "Daşınmaz Əmlak" analitik jurnalına müsahibəsində bildirib.

"Lakin buna baxmayaraq, 2010-cu ilin yekunları üzrə bazarın bütün seqmentlərinin göstəricilərini qənaətbəxş hesab etmək olmaz", - Osmanov hesab edir.

Onun sözlərinə görə, il ərzində bazarın bütün seqmentləri üzrə faktiki olaraq qiymətlərin azalması müşahidə olunub və bu proses hələ də davam edir. Onun sözlərinə görə, lakin 2009-cu illə müqayisədə aylar üzrə qiymətlərdə azalma nisbi xarakter daşıyıb.

Əgər 2009-cu ildə aylıq qiymət azalması orta hesabla 3-5 faiz və ya hətta 8-10 faiz təşkil edirdisə, 2010-cu ildə bu göstəricilər müvafiq olaraq 0,1-1 faizədək azalıb, bəzi hallarda isə hətta artım müşahidə olunub. Bir sözlə, bazarda qeyri-müəyyən tendensiya müşahidə olunub.

Ekspertin fikrincə, daşınmaz əmlak bazarı böhranlı vəziyyətdən çıxıb və nisbi artım tendensiyası müşahidə olunmağa başlayıb.

"Bununla əlaqədar, 2011-ci ilin birinci yarısında daşınmaz əmlak bazarında dinamik artım ehtimalı azdır", - Osmanov hesab edir.

Onun fikrincə, ilin ikinci yarısında ölkənin daşınmaz əmlak bazarına investisiya qoyuluşları gözlənilir. Odur ki, ekspertlərin hesablamalarına görə, iri infrastruktur layhihələr və energetika layihələrinin tikintisi məqsədilə sökülən binalara görə əhaliyə verilən kompensasiyaların 80 faizi daşınmaz əmlak bazarına qoyulur.

Xəbər lenti

Xəbər lenti