Azərbaycan, Bakı, 7 fevral/Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycanın Ermənistanla Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində əməkdaşlığı istisna edilir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
"Təkcə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində deyil, həm də digər təşkilatlar çərçivəsində biz həmişə bu barədə danışırıq və sənədlər imzalanan zaman həmişə qeydlər edirik", - Məmmədquliyev bildirib.
Layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə, 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək.
Məmmədquliyevin sözlərinə görə, Azərbaycan rəhbərliyinin mövqeyi dəqiq və dəyişməzdir: Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər Yerevanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil.
Ümumilikdə Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dətəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır, lakin Ermənistanla əməkdaşlıq istisna edilir.
"Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRACECA layihəsi və digər belə layihələr çərçivəsində olduğu kimi olacaq", - Məmmədquliyev qeyd edib.
Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli sazişdə qeyd var. Qeyddə deyilir ki, "Azərbaycan Respublikası bəyan edir ki, Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli sazişdə və onun texniki əlavələrində göstərilən hüquqların, öhdəliklərin və müddəaların heç biri Azərbaycan Respublikası tərəfindən öz ərazisi vasitəsilə Ermənistan Respublikasın ərazisinin başlanğıc, tranzit və ya son ərazi olduğu daşımalar üçün tətbiq edilməyəcək".