...

Bakıda Qafqazın ən iri sement zavodu tikiləcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir N.İsmayılova/

Çərşənbə axşamı Bakıda Azərbaycanın "Norm" şirkəti ilə Çinin "China Triumph İnternatiional Engineering Co ltd" (CTIE) şirkəti arasında "Qızıldaş Sement" zavodunun tikintisinə dair müqavilə imzalanıb.

Müqaviləni Azərbaycan tərəfdən "Norm" şirkətinin baş direktoru İsmayıl Ərqovan, Çin tərəfdən CTIE şirkətinin sədri Penq Şou imzalayıb.

"Qızıldaş Sement"ə azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkan kimi baxırıq və ən yüksək sinifdən olan sement zavodunu birlikdə tikəcəyik. CTIE layihənin həyata keçirilməsi prosesində Azərbaycan hökuməti tərəfindən ən güclü dəstəyə, eləcə də tikinti-quraşdırma şirkətlərinin sıx əməkdaşlığına ümid edir. Biz mühəndis tikintisinin bütün sahələrində əlaqələr quracağıq", - Şou deyib.

Bakının Qaradağ rayonunda tikiləcək zavodun istehsal gücü gündə 5 min ton klinker və ildə iki milyon ton sementdir.

Beləliklə, zavod Qafqazda ən iri sement müəssisəsi olacaq. Müəssisə 2013-cü ilin sonlarında istismara veriləcək. Qeyri-neft sektorunda ən iri layihələrdən biri olan bu layihənin dəyəri təxminən 350 milyon dollardır və o, şübhəsiz ki, adamların rifah halının yaxşılaşmasına və ölkənin iqtisadi inkişafına öz töhfəsini verəcək.

Zavodda 400, xammal karxanalarında 100-150 nəfər çalışacaq. Bununla yanaşı, istehsalla əlaqədar kimya, nəqliyyat, yanacaq və digər yanaşı sahələrdə daha 2500 nəfər fəaliyyət göstərəcək.

Zavod üçün əsas avadanlıqlar Almaniya və digər Avropa ölkələrinin aparıcı istehsalçılarından alınacaq.

Zavodun fəaliyyəti ilə əlaqədar xammalın və hazır məhsulların daşınması üzrə nəqliyyat dövriyyəsi 5,5 milyon ton təşkil edəcək ki, bu da öz növbəsində, nəqliyyat sahəsində yeni imkanlar açır.

Eləcə də ölkədən illik 150 milyon dollar həcmində valyuta axınının qarşısı alınacaq .

Bu günədək Xəzər regionunda istehsal olunmayan, API standartlarına cavab verən tamponaj sementinin istehsalı Azərbaycanı neft istehsalçıları üçün sement ixracatçısına çevirəcək.

10 min hektar ərazi Qaradağ rayonundakı daş karxanalarının tullantılarından təmizlənəcək. Zavodun ərazisindəki infrastrukturun yaradılmasına sıfırdan başlanacaq. Hazırda yarımsəhra olan torpaq yaşıllaşdırılacaq.

Layihə ölkəni minimum enerji xərcləri ilə ən yüksək keyfiyyətli sementlə təmin edəcək.

Ətraf mühitə təsirin və "Qızıldaş Sement"in inşası zonasına sosial təsirin qiymətləndirilməsi üçün təşkil edilmiş sənəd Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2010-cu il aprelin 12-də təsdiqlənib.

"Qızıldaş Sement"in inşasının podratçısı olan CTIE "ENR" jurnalının versiyasına görə, 200 ən yaxşı mühəndis konsaltinq şirkətindən biridir. Şirkət şüşə, sement və digər tikinti materiallarının istehsalı sahəsində Çinin aparıcı müəssisələrindən biridir.

Xəbər lenti

Xəbər lenti