Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir A.Bədəlova/
Xarici sərmayədarların Azərbaycanın kənd təsərrüfatı sahəsindəki sərmayə imkanlarını nəzərdən keçirməsi lazımdır. Bu barədə çərşənbə günü Bakıda "The Azerbaijan Investors' Summit 2011" Azərbaycan sərmayədarlarının sammitində GIZ Almaniya Beynəlxalq Əməkdaşlıq Bürosunun direktor müavini Mark Bekman bildirib.
Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatı yaxşı templə inkişaf edir.
"Son illər Azərbaycanda kənd təsərrüfatı orta hesabla 4 faiz səviyyəsində olmaqla illik stabil inkişaf nümayiş etdirir", - Bekman deyib.
Onun fikrincə, Azərbaycanda doqquz iqlim tipinin olması bu sahənin inkişafı üçün əlverişli şərait yaradır.
Bekmanın sözlərinə görə, Azərbaycanda əlverişli investisiya imkanları var. Xarici borcun aşağı səviyyədə olması, strateji valyuta ehtiyatlarının həcmi ölkədə makroiqtisadi sabitliyin yaranmasına səbəb olur ki, bu da öz növbəsində investisiya cəlbediciliyinin yüksəlməsinə təsir göstərir.
"Azərbaycan ÜTT-nin tərkibinə qatılmaq ərəfəsindədir, ölkənin bu təşkilatın üzvünə çevrilməsi xarici sərmayədarlar üçün imkanı artırır və onun beynəlxalq inteqrasiyasına səbəb olur", - o bildirib.