...

Azərbaycanda çay emalı müəssisəsinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2011 12:39 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi çay xammalı emalı üzrə "Bakı Çayçəkici" müəssisəsinin səhmlərinin 93,96 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda çay emalı müəssisəsinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir N.İsmayılova/

Əmlak Məsələləri Dövlət Komitəsi çay xammalı emalı üzrə "Bakı Çayçəkici" müəssisəsinin səhmlərinin 93,96 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Satışa çıxarılan səhm paketi investisiya müsabiqəsinin standart paketinin 85 faizindən və əmək kollektivi üzvlərinə səhmlərin güzəştli satışından qalan 8,96 faizdən ibarətdir.

Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İddiaçılar mövcud avadanlıqların bərpası və yenilərinin alınmasına, məhsul çeşidinin, iş yerlərinin artırılmasına dair təkliflər təqdim etməlidirlər.

İddiaçılar investisiya təklifinin dəyərinin beş faizi həcmində bank zəmanətinə malik olmalı və dövlət büdcəsinə 150 min manat köçürülməsi üzrə təklif təqdim etməlidirlər.

"Bakı Çayçəkici" müəssisəsi çay xammalının emalı üzrə ixtisaslaşıb və Bakı şəhəri Nəsimi rayonu, Səfərəliyev küçəsi, 24 ünvanında yerləşir.

SC-nin nizamnamə kapitalı 171740 manat təşkil edir, bu məbləğə hər birinin nominal dəyəri iki manat olan 8587 səhm buraxılıb. Müsabiqənin predmeti ümumi nominal dəyəri 161 360 manat olan 80 680 qiymətli kağızdır.

2011-ci il yanvarın 1-nə olan məlumata görə, müəssisə 93,352 min manat məbləğində borca, eləcə də 14,54 min manat həcmində əmək haqqı borcuna, 2,147 min manat məbləğində isə xammal və göstərilən xidmətlər üzrə borca malikdir. Bununla yanaşı, debitor borclar 70,88 min manat təşkil edir. Müəssisə 1966-cı ildən fəaliyyət göstərir.

İddiaçılar 5 aprel saat 10:00-dan 17:00-dək müsabiqənin şərtləri, özəlləşdirmə planı ilə tanış ola və əlavə məliumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 20. Sənəd və təkliflər 5 aprel saat 10:00-dan 17:00-dək qəbul olunur.

Müsabiqə Komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin binasında 7 aprel 2011-ci il saat 11:00-dan başlayaraq həyata keçiriləcək.

Martın 5-də cari məzənnə 0,794 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti