Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanda sığorta bazarının inkişafı və formalaşması üçün əlverişli şərait yaradılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda Parlamentin İqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə "Azərbaycanın sığorta bazarı: problemlər və perspektivlər" konfransında bildirib.
"Lakin buna baxmayaraq, Azərbaycanda sığorta bazarı hələ də ölkənin maliyyə bazarının digər seqmentlərindən geri qalır", - Səmədzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın sığorta bazarı maliyyə bazarında, vergi və maliyyə sistemində aparılan islahatlardan keyfiyyət və həcmcə geri qalır. O, bildirib ki, son illərdə Azərbaycanda sığorta bazarının inkişafının təmin olunması üçün bir sıra ciddi tədbirlər görülüb. Onların arasında "Sığorta fəaliyyəti haqqında" qanunun qəbul edilməsi də var. Bu qanun sığorta bazarının inkişafı üçün beynəlxalq standartlara, bir sıra normativ-hüquqi aktlara uyğun gəlir, hazırda Parlamentdə "Sığortanın icbari növləri haqqında" qanun layihəsinə baxılır.
"Azərbaycanın sığorta bazarının bugünkü səviyyəsi həm hökuməti, həm də dövlət başçısını qane etmir. Çünki adambaşına mükafatların payı 20 dolları ötmür ki, bu da MDB ölkələri arasında aşağı göstəricidir", - Səmədzadə bildirib.
Azərbaycanın sığorta bazarının inkişafı imkanlarına toxunan Səmədzadə qeyd edib ki, ölkədə iqtisadiyyat dinamik inkişaf edir və şaxələnir, əhalinin əmlakı artır, ölkənin maddi-texniki potensialı möhkəmlənir və bütün bunlar sığorta bazarının inkişafı üçün əlverişli şərait yaradır.
"Dünyanın bir sıra inkişaf etmiş ölkələrində sığorta şirkətləri Azərbaycanda bir sıra ciddi investisiya qoyuluşları ilə məşğul olmalarına baxmayaraq, bu proses hələ öz inkişafını tapmayıb. Lakin hesab edirəm ki, zaman keçdikcə, bu, baş verəcək", - Səmədzadə bildirib.
"Məqsədimiz sığorta bazarının dinamik inkişafı, sığortanın icbari növlərinin inkişafı üçün şərait yaradılması, sığorta mükafatları disbalansının aradan qaldırılamsıdır. Dünyanın bir çox ölkələrində həyat sığortası bazarın ümumi portfelində önəmli yer tutur, lakin Azərbaycanda sığortanın bu növü üzrə yığımlar lazımi səviyyədə deyil. Əminəm ki, Azərbaycanda sığorta bazarı ölkənin maliyyə bazarının digər seqmentləri ilə yanaşı inkişaf edəcək və güclü maliyyə sığorta bazarı yaradılacaq", - deputat qeyd edib.
Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyytə göstərir.