...

Azərbaycanın sığorta şirkəti "Meqa Sığorta" 40 faizdən çox kapitallaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2011 15:16 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Meqa Sığorta" ASC-nin ümumi məbləği 1,5 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Azərbaycanın sığorta şirkəti "Meqa Sığorta" 40 faizdən çox kapitallaşdırılır

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Meqa Sığorta" ASC-nin ümumi məbləği 1,5 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin şənbə günü yaydığı məlumatda deyilir.

Emissiyaya hər birinin nominal dəyəri 5 min manat olan 300 səhm daxildir.

Sövdələşmənin anderrayteri qismində "Chelsea Capital" MMC çıxış edir.

Sığorta şirkətinin nizamnamə kapitalı 3,5 milyon manat təşkil edir. Bu, yeni emissiya yerləşdirildikdən sonra 5 milyon manata çatdırılacaq.

"Meqa Sığorta" ASC yeni brend altında 1 oktyabr 2010-cu ildən fəaliyyətə başlayıb, 29 sığorta növü üzrə xidmət göstərir. Onların dördü icbari sığorta növüdür. Şirkətin səhmdarlarının sırasına 7 fiziki şəxs - Azərbaycan rezidentləri daxildir.

Şirkət əvvəllər "BE&G Sığorta" adlandırılıb. "BE&G" sığorta şirkətinin əsası 1998-ci ildə Naxçıvan şəhərində "Naxçıvan" sığorta kommersiya şirkətinin bazasında qoyulub. 1998-ci ildə Bakıda şirkətin Bakı filialı fəaliyyət göstərməyə başlayıb.

2001-ci ildə Naxçıvandakı baş ofisin Bakıya köçürülməsi və "BE&G" sığorta şirkəti adı altında fəaliyyətinin davam etdirilməsi barədə qərar qəbul edilib. Şirkətin fəaliyyətinin genişləndirilməsi və Azərbaycan regionlarında sığorta işinin inkişafı məqsədilə 2002-ci ildən "BE&G" filialları Şamaxı, Göyçay, Tovuz, Lənkəran, Gəncə, Sumqayıtda fəaliyyət göstərir.

Martın 19-na olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti