...

Azərbaycan və QTİB 2014-cü ilədək əməkdaşlığın prioritetlərini müəyyən ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 20:06 (UTC +04:00)

Аzərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan ilə Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) arasında gələcək əməkdaşlıq və cari münasibətlər maliyyə naziri Samir Şərifovla Bakıda səfərdə olan QTİB prezidenti Andrey Kondakov arasında müzakirələrin mövzusu olub. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verən Kondakov bankın Azərbaycanda həyata keçirilən layihələrdə iştirakından məmnunluğunu ifadə edib. O, fəaliyyəti dövründə bankın Azərbaycanda 14 layihəni maliyyələşdirdiyini diqqətə çatdırıb.

"QTİB-in Azərbaycanda fəaliyyətinin genişləndirilməsi və yeni maraqlı layihələrin maliyyələşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir", - bankın prezidenti deyib.

Şərifov öz növbəsində Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən Qara dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Son illərdə ölkə iqtisadiyyatın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir bildirib ki, Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq kredit reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

Görüşdə 2011-2014-cü illəri əhatə edəcək bankın Azərbaycan üzrə stategiyası da müzakirə edilib, strategiyanın prioritetlərinin dəqiqləşdirilməsi və onların ölkənin sosial-iqtisadi siyasətinə uyğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkə üzrə strategiyada xüsusilə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafının proritet sahələr kimi nəzərə alınmasının vacibliyi vurğulanıb.

1996-cı ildə təsis edilən Qara dəniz Ticarət və İnkişaf Bankı 1999-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Ermənistan, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukraynanın üzvü olduğu bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. Bank regional əməkdaşlığın inkişaf prinsiplərini dəstəkləyir, üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və səhm kapitalında iştirak edir. QTİB-in kapitalında Azərbaycanın payı 5 faiz təşkil edir. 11 illik fəaliyyəti dövründə bank Azərbaycanda dəyəri 100 milyon avro olan 14 layihəni maliyyələşdirib.

Xəbər lenti

Xəbər lenti