...

Azərbaycanda Qafqazda ən iri turizm sərgisi start götürür

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2011 18:07 (UTC +04:00)
2011-ci il aprel ayının 28-dən 30-dək, "Bakı Ekspo" mərkəzində "AITF 2011" 10-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək.
Azərbaycanda Qafqazda ən iri turizm sərgisi start götürür

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Axundov/

2011-ci il aprel ayının 28-dən 30-dək, "Bakı Ekspo" mərkəzində "AITF 2011" 10-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə sərginin təşkilatçısı olan Böyük Britaniyanın ITE Group şirkətinin regional direktoru Edvard Stroon çərşənbə günü bildirib.

Onun sözlərinə görə, sərgi ilk dəfə 2002-ci ildə keçirilib və 5 ölkədən 26 şirkəti qəbul edib. Bu gün isə "AITF 2011" sərgisi bütövlükdə 61 turizm istiqamətini təqdim etməklə yanaşı, 24 ölkədən 230 şirkəti qəbul edir.

"Biz belə sərgiləri onlarla ölkədə keçiririk, lakin Azərbaycandakı sərginin xüsusiyyəti daxili turizmə diqqət ayırmaqdır", - Stroon deyib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm departamentinin rəhbəri Aydın İsmiyevin sözlərinə görə, "AITF 2011"-lə paralel olaraq II Ümumrespublika Daxili Turizm Sərgisi də keçiriləcək. Sərgi nazirlik tərəfindən təşkil olunub.

"Sərginin ekspozisiyasına 18 regiondan 100-ə yaxın şirkət daxildir", - İsmiyev deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanda açılacaq altı beşulduzlu hotelə ayrıca stend həsr olunacaq.

"Habelə sərgi çərçivəsində Azərbaycana Almaniya, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ-dən KİV nümayəndələri, Ümumdünya Turizm Təşkilatından ekspertlər gələcəklər. Bu press-turlar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Turizm ili"nə həsr edilmiş tədbirlər çərçivəsində keçirilir", - İsmiyev bildirib.

"AITF 2011" ötən illərlə müqayisədə ekspozisiya meydanını 25 faiz böyüdüb. Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi, eləcə də Ümumdünya Turizm Təşkilatının, Azərbaycan Sahibkarlar Assosiasiyasının, Beynəlxalq Turizm Sərgiləri Assoasiyasının dəstəyi ilə keçirilir. Türkiyə iki il dalbadal AITF-in tərəfdaş ölkəsi kimi çıxış edir.

Xəbər lenti

Xəbər lenti