Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir N.İsmayılova/
Bakı şəhəri Vergilər Departamenti Vergi borclarının məcburi alınması işinin təşkili İdarəsinin əməkdaşları aprelin 25-də Bakının Xətai rayonunda yerləşən "Mühərrikquraşdırma" şirkətində əmlakın siyahıya alınması üzrə yoxlama aparıb. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin saytında dərc olunmuş məlumatında deyilir.
Şirkətdə aparılmış kameral vergi yoxlamasına əsasən şirkətin əsas borcu 54 926,50 manat, faiz borcu - 116 144,40 manat, ümumi borcu isə - 171 093 manatdır.
Martın 29-da şirkətin rəhbəri Xanlar Məmmədova vergi borcunun ödənilməsinə dair 171 093 manat məbləğində bildiriş göndərilib.
Aprelin 25-də vergi orqanının əməkdaşları müəssisədə nağd pul vəsaitləri aşkar olunmadığından obyektdəki 43 ədəd 185 750 manat dəyərində əmlakın siyahıya alınması tədbirlərini həyata keçiriblər. Belə ki, 8 ədəd müxtəlif markalı avtomobil, 7 ədəd kompüter dəsti, 7 ədəd kondisioner, 8 ədəd müxtəlif mebel dəsti, 2 ədəd televizor, 11 adda müxtəlif növ dəzgah müvafiq qaydada siyahıya alınıb.
Aprelin 29-na olan rəsmi məzənnə 0,7914 AZN/USD təşkil edib.