...

Azərbaycanda "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2011 16:46 (UTC +04:00)
1 yanvar 2010-cu il tarixinədək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.
Azərbaycanda "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.Xəlilova/

1 yanvar 2010-cu il tarixinədək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.

Çərşənbə günü parlamentin Sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında" qanun layihəsinə əlavə və dəyişikliklərlə bağlı müzakirə aparılıb.

Müslümovun sözlərinə görə, qanun layihəsinə mayın 17-də parlamentin plenar iclasında baxılacaq.

"Təkrar hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə 85 manat məbləğində baza pensiyası əlavə olunacaq. 1,94 göstəricisi hesablanan zaman 2006-cı ildən 2010-cu ilədək istehlak qiymətlərinin dəyişməsi nəzərə alınıb. 2006-cı ildə Azərbaycanda inflyasiya 83 faiz, 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz, 2009-cu ildə 1,5 faiz, 2010-cu ildə isə 5,7 faiz təşkil edib", - o bildirib.

Müslümovun sözlərinə görə, bu dəyişikliklər bütün kateqoriyalı pensiyaçılara aiddir və ilkin hesablamara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq.

Qanuna dəyişikliklər Azərbaycanda pensiyanın hesablanması metodunun vahid sistemə salınmasını nəzərdə tutur. Müslümovun bundan əvvəl dediyi kimi, bunun üçün 390 milyon manat lazım olacaq. Bunun 190 milyon manatı 2011-ci ilin ikinci yarısı ərzində ayrılacaq.

"Müzakirələr iki ay sürəcək və ehtimallarımıza görə, ilin ortalarından biz artıq fərqin ödənilməsinə başlayacağıq və ilin ikinci yarısında bu məbləğin 190 milyon manatı istifadə olunacaq", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, pensiyanın yeni hesablama sistemində sosial ədalətə riayət olunacaq və hesablama nəticəsində pensiyanın eyni məbləği bundan əvvəlkindən aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq.

2006-cı ilədək pensiyaya çıxan şəxslər üçün pensiya müavinətinin orta aylıq məbləği 102 manat, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək 122 manat təşkil edir. Ötən il ərzində bu göstərici 150 manatadək artıb.

Azərbaycanda 2006-cı ilədək pensiyaya çıxanların sayı 900 min nəfərdir. Bunun 675 min nəfəri hazırda 85 manat məbləğində minimal pensiya alır.

Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasında Azərbaycan Prezidenti cari ildə 2006-cı ilədək pensiyaya çıxan ölkə vətəndaşlarının pensiya təminatının yaxşılaşdırılmasının zəruruliyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu pensiyalar pensiyaçıların əmək stajı nəzərə alınmaqla təkrar hesablanacaq. Bu halda əmək stajının hər ili üçün 1,93 manatlıq əmsal tətbiq olunacaq. Hasil olunan məbləğ minimal pensiyaya əlavə olunacaq.

Hazırda ölkədə pensiyaçıların ümumi sayı 1,290 milyon nəfərə çatır.

Mayın 13-nə olan rəsmi məzənnə 0,7908 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti