...

Parabank yeni "Cash by Code" xidmətini istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

"Parabank"ın plastik kart sahibləri artıq məsafədən asılı olmayaraq plastik kartı bankomatda istifadə etmədən nağd vəsait əldə edə bilərlər.

"Parabank"dan Trend-ə verilən məlumata görə, bu imkandan yeni yaradılmış "Cash by Code" xidmətindən istifadə etməklə yararlanmaq mümkündür.

Bu xidmət vasitəsilə kart sahibləri hesablarından istənilən məbləğdə və valyutada, plastik kartı olmayan şəxslərə nağd pul göndərə bilərlər.

"Cash by Code" xidməti plastik kartı olmayan şəxslərə bankomat vasitəsilə nağd pulun dərhal çatdırılması, banka müraciət etmədən, plastik kart olmadan nağd pulun xüsusi kodla bankomat vasitəsilə alınması və günün istənilən saatlarında nağd vəsaitin əldə olunması imkanını yaradır.

Xidmətdən istifadə etmək üçün kart sahibi bankomata öz kartını daxil edərək, əsas menyuda "Cash by Code" seçir, məbləği və valyutanı daxil edib, nağd pulu göndərmək istədiyi şəxsin mobil telefon nömrəsini daxil edir.

Sistem iki hissədən ibarət kod yaradaraq, birini SMS vasitəsilə pulu alan şəxsin mobil nömrəsinə göndərir, digərini isə ATM vasitəsilə çek şəklində çap edir.

Kodun birinci hissəsini müştəri istədiyi şəkildə pulu alan şəxsə çatdıra bilər.

Bu kod yalnız 24 saat aktiv olur.

"Cash by Code" xidmətindən "Azericard" prosessinq sisteminə daxil olan bankların bankomatlarda istifadə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti