...

Azərbaycan və Çexiya qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanlarını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2011 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Bədəlova/

Mayın 15-22-də Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycanın fond bazarı təmsilçilərindən ibarət nümayəndə heyəti Çexiya Respublikasında işgüzar səfərdə olub. Trend-in məlumatına görə, bu barədə QKDK-nın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Səfərin məqsədi Çexiya qiymətli kağızlar bazarının inkişaf və tənzimlənmə təcrübəsi ilə tanışlıq, qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanlarının müzakirə edilməsi və iki ölkənin qiymətli kağızlar bazarı tənzimləyiciləri arasında əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilməsi olub.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Çexiya Respublikasının qiymətli kağızlar bazarı tənzimləyicisi olan Çexiya Milli Bankı, Maliyyə Nazirliyi, Praqa Fond Birjası, Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitar, Çexiya Beynəlxalq Ticarət Palatası, Çexiya Respublikasının qabaqcıl investisiya şirkətləri, qiymətli kağızlar bazarı peşəkarlarının müxtəlif assosiasiyaları və digər bazar institutları ilə görüşlər keçirib.

Çexiya Milli Bankı ilə görüşdə kapital bazarlarının tarixi inkişaf istiqamətləri, maliyyə institutlarının tənzimlənməsi, onlarda risk idarəetməsi və optimal kapital tələblərinə dair ətraflı müzakirələr aparılıb. Praqa Fond Birjası və Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitarı ilə görüşdə qiymətli kağızlar bazarının ticarət və post-infrastrukturuna dair faydalı diskussiyalar aparılıb, habelə kapital bazarlarının iqtisadiyyata investisiyaların cəlb edilməsində oynadığı vacib rolu qeyd edilib.

Səfər zamanı Çexiya Respublikasının Beynəlxalq Ticarət Palatasında həmin ölkənin aparıcı banklarının, investisiya şirkətlərinin nümayəndələri, habelə kapital bazarı sahəsində tanınmış mütəxəssislərinin iştirakı ilə interaktiv görüş təşkil edilib. Tədbirdə Azərbaycan iqtisadiyyatının son illərdə əldə etdiyi uğurlar, Azərbaycan kapital bazarlarının mövcud vəziyyəti və habelə gələcək inkişaf istiqamətləri haqqında görüş iştirakçılarına ətraflı məlumat verilib. Azərbaycan iqtisadiyyatının son illərdə dinamik inkişafı habelə kapital bazarının inkişaf etdirilməsi istiqamətində görülən institusional tədbirlər görüş iştirakçılarının geniş marağına səbəb olub. Bununla əlaqədar, onların çoxsaylı sualları Azərbaycan nümayəndə heyəti tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Səfər nəticəsində Çexiya kapital tənzimləyicisi və bazar iştirakçıları ilə gələcəkdə faydalı əməkdaşlığın davam etdirilməsi, habelə Çexiya Respublikasının maliyyə sektoru təmsilçiləri ilə qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanları haqqında faydalı müzakirələrin aparılması məqsədilə Azərbaycan Respublikasına rəsmi səfərinin təşkil edilməsi barədə razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti