Azərbaycan, Bakı, 31 may /Trend, müxbirlər M.Əliyev, A.Axundov/
İyulun 1-dən Dövlət Sosial Müdafiə Fondu (DSMF) bütün sosial təminat şöbələrində korrupsiya ilə mübarizəni gücləndirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.
"Hazırda korrupsiya ilə mübarizə sahəsində böyük iş gedir. DSMF artıq bütün sosial təminat şöbələrində korrupsiya ilə mübarizə rejiminə keçib, iyulun 1-dən bu rejim gücləndiriləcək", - Müslümov deyib.
Onun sözlərinə görə, Suraxanı rayonu Sosial təminat şöbəsində aparılan yoxlamaların materialları ölkə prokurorluğuna göndərilib.
"Prokurorluğa başqa sosial təminat şöbələrində aparılan yoxlamalar zamanı aşkara çıxarılan digər mənfi hallar barədə də məlumat verilib", - Müslümov bildirib.
Fond sədrinin sözlərinə görə, əhalinin şikayətlərinin əksəriyyəti pensiyaların vaxtında ödənilməməsi və plastik pensiya kartlarının hazırlanmasında ləngimələrlə bağlıdır.
"Hazırda plastik kartların bankların özləri tərəfindən təqdim edilməsi ilə bağlı iş aparılır", - Müslümov bildirib.
Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda pensiyaçıların sayı 1,286 milyon nəfərdir.