Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir A.Axundov/
Azərbaycanda avqustun 1-dən orta aylıq əmək pensiyalarının indiki 115 manatdan 144 manatadək artımı proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov "Pensiya təminatında vahid prinsipin tətbiqi - islahatların yeni mərhələsi" mövzusunda "dəyirmi masa"dakı çıxışında bildirib.
"Dəyirmi masa" hakim Yeni Azərbaycan Partiyası ilə birgə DSMF tərəfindən təşkil olunub.
Onun sözlərinə görə, bu gün bütün ölkədə orta aylıq pensiyaların məbləği 115 manat təşkil edir. 2006-cı ilədək pensiyaya çıxan şəxslər üçün pensiya müavinətinin orta aylıq məbləği 102 manat, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək 122 manat təşkil edir. Ötən il ərzində bu göstərici 150 manatadək artıb.
"Azərbaycanda yeni pensiya-sığorta sisteminə keçidin xarakterik xüsusiyyəti köhnə sistem üzrə pensiya alan adamların bərabər şərtlərlə yeni sistemə keçididir", - Müslümov bildirib.
Onun sözlərinə görə, DSMF orta aylıq pensiyaların orta aylıq əməkhaqqına nisbətdə pensiya sisteminin əsas göstəricisi olan qarşılıqlı hesablanma əmsalının 66 faizə qədər çatdırılmasını proqnozlaşdırır.
"İndi orta aylıq pensiyaların həcmi orta aylıq əməkhaqqının 40 faizini təşkil edir. Məqsədimiz qarşılıqlı hesablanma əmsalının 66 faizə qədər çatdırılmasıdır. Bu, çox yaxşı göstəricidir, məsələn, Qərbi Avropa ölkələrində 55 faiz, İsveç və Almaniyada 65 faiz, Fransa, Yaponiya və ABŞ-da isə 50 faiz təşkil edir", - Müslümov bildirib.
Milli Məclis mayın 17-də plenar iclasında mövcud "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər haqqında qanun layihəsini bəyənib.
Qanuna düzəlişlər Azərbaycanda pensiyaların hesablanması metodunun vahid sistemə keçirilməsini nəzərdə tutur.
Bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun jurnalistlərə dediyinə görə, 1 yanvar 2010-cu il tarixinədək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.
Onun sözlərinə görə, bu dəyişikliklər bütün kateqoriyalı pensiyaçılara aiddir və ilkin hesablamara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq.
İyunun 1-nə olan rəsmi məzənnə 0,7894 AZN/USD təşkil edir.