...

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanması layihəsinin II mərhələsi başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir A.Axundov/

Yaxın günlərdə Azərbaycanın Mikromaliyyələşdirmə Assosiasiyasının "Oxfam"la birgə layihəsi olan "Kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmi"nin ikinci mərhələsi start götürməlidir. Bu barədə çərşənbə günü Trend-ə layihənin əlaqələndiricisi Ayxan Nəsibli bildirib.

"Layihənin ikinci mərhələsi kənd təsərürfatının sığortalanması ilə bağlı mövcud qanunvericilikdə əlavə və dəyişikliklərin qəbul edilməsini nəzərdə tutan hüquqi bazanın hazırlanmasını özündə birləşdirir", - Nəsibli deyib.

Onun sözlərinə görə, layihənin məqsədlərindən biri Türkiyə modelinin yerində öyrənilməsidir.

"Layihənin ikinci mərhələsi üç-dörd aylıq dövrü əhatə edir. İkinci aydan sonra biz Türkiyənin təcrübəsini öyrənmək üçün oraya səfər etməyi planlaşdırırıq", - Nəsibli bildirib.

Fevralda layihənin birinci mərhələsi başa çatıb. Buraya tədqiqat işlərinin aparılması, Azərbaycandakı vəziyyətin və beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də tövsiyələrin hazırlanması daxildir.

Layihə çərçivəsində əsas təkliflərdən biri bu proseslərin tənzimlənməsi üçün zəmanət fondunun yaradılmasıdır.

Tədqiqatın nəticələri, eləcə də İqtisadi İnkişaf, Maliyyə və Kənd Təsərrüfatı nazirliklərindən, Azərbaycan Mərkəzi Bankından və Dövlət Kommersiya Sığorta Şirkətindən alınan rəylərə uyğun olaraq qərar qəbul olunub:

- normativ bazanın təkmilləşdirilməsi üzrə təkliflərin qəbulu üçün vəkil kampaniyasının keçirilməsi;

- fondun nizamnamə layihəsinin işlənməsi;

- fondun fəaliyyət mexanizminin konkretləşdirilməsi;

- maraqlı tərəflərin əməkdaşlıq mexanizmlərinin konkretləşdirilməsi;

- zəmanət fondunun yaradılması və fəaliyyətinin təşkili üzrə digər işlərin görülməsi.

Nəsiblinin sözlərinə görə, sonuncu - üçüncü mərhələ layihənin yüksək dövlət səviyyəsində qəbulunu nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti