...

Azərbaycan XİN rəhbəri və Gürcüstanın Baş naziri Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 16:04 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın Baş naziri Nika Qilauri Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol xəttinin açılışı layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycan XİN rəhbəri və Gürcüstanın Baş naziri Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər

Gürcüstan, Tbilisi, 14 iyun /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın Baş naziri Nika Qilauri Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol xəttinin açılışı layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstan Baş nazirinin mətbuat katibi Nikoloz Mçedlişvili məlumat verib.

Görüşdə əsas diqqət Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinin sürətinə ayrılıb.

"Bu iri regional layihə tərəflər üçün xüsusi maraq kəsb edir", - Mçedlişvili deyib.

Onun sözlərinə görə, habelə enerji məsələlərinə də diqqət ayrılıb. Gürcüstan və Azərbaycanın bu sahədə sıx əməkdaşlıq etdiyi qeyd olunub.

"Tərəflər bu sahədə əməkdaşlığın səviyyəsindən məmnunluqlarını ifadə ediblər və yaxın vaxtlarda onun daha da artacağına əmin olduqlarını bildiriblər", - mətbuat katibi qeyd edib.

Elmar Məmmədyarovla Nika Qilaurinin görüşü bağlı qapılar arxasında keçib. Görüş iştirakçıları onun yekunları üzrə şərh verməyiblər.

Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstana əlavə olaraq 25 il müddətinə illik beş faizlə 575 milyon dollar ayrılıb. Ayrılan vəsaitlər dəmiryolun Tetritskaro-Axalkalaki hissəsinin tikintisinə və bərpasına, Axalkalakidə dəmiryol vağzalının tikintisinə, eləcə də digər dəmiryol infrastrukturunun tikintisinə yönələcək.

Bu kredit "Kartsaxi-Marabda" şirkətinə ayrılıb və dövlət borcu deyil. Kredit dəmiryol işə salındıqdan sonra layihənin həyata keçirilməsindən əldə ediləcək gəlirdən qaytarılacaq.

Gürcüstan üçün 200 milyon dollar məbləğində birinci tranş da 25 il müddətinə, lakin illik bir faiz dərəcə ilə ayrılıb.

Azərbaycan və Gürcüstan hökumətləri arasında dəmiryolun Marabda-Türkiyə sərhədi (Kartsaxi) hissəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və reabilitasiyası üzrə işlərə dair sazişə edilən düzəlişlərə görə, kredit xəttinin ümumi həcmi 775 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti