Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir A.Axundov/
Azərbaycanın Əmək və Sosial Müdafiə Nazirliyi ünvanlı sosial yardım (ÜSY) alan ailələrlə bağlı məlumat bankının yaradılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilən müsahibəsində bildirib.
"Bizim əsas hədəfimiz yoxsul ailələri aktiv sosial müdafiə tədbirlərinə cəlb etməklə onların yaşayışının ünvanlı yardımdan asılılığını tədricən aradan qaldırmaq, həmin ailələrin mövcud potensiallarını nəzərə almaqla onların özünütəminetmə imkanlarına sahib olmasına şərait yaratmaqdır. Bu məqsədlə ünvanlı yardım proqramının icrası prosesində yardım alan ailələrlə bağlı məlumat bankının yaradılmasına başlanılıb.", - Ələkbərov deyib.
Onun sözlərinə görə, cari ilin 1 iyununa olan məlumata əsasən, Azərbaycanda 131122 ailə ünvanlı sosial yardım alır.
"Yardım təyin olunan ailələrdən 51628-i tərkibində 3 və daha çox uşaq olan ailələrdir. Hər ay adambaşına düşən ÜSY-nin orta aylıq məbləği 23,60 manat, bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 105,82 manatdır", - Ələkbərov bildirib.
Onun sözlərinə görə, ÜSY alanların 195-i qəyyumluq (himayəçi) təyin edilmiş ailələr, 35-i şəhid ailələri, 558-i tərkibində müharibə əlili olan ailələr, 16339-u tərkibində ümumi səbəblərdən əlil üzvü olan ailələr, 10049-u məcburi köçkün ailələri, 258-i isə cəzaçəkmə müəsissələrindən azad edilmiş şəxslərin ailələridir.
Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Həcmi 60 manat (2010-cu ildə 65 manat) təşkil edən ünvanlı sosial yardım ehtiyac meyarının müxtəlifliyi və ailənin hər bir üzvünün gəlirinin həcmi nəzərə alınaraq təyin olunur.
2011-ci ildən Azərbaycanda yaşayış minimumu 9,2 faiz artırılaraq 95 manatadək çatdırılıb. 2011-ci ildə əməkqabiliyyətli əhali üçün yaşayış minimumu 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat səviyyəsində müəyyən edilib. Bu ildən Azərbaycanda ehtiyac meyarları 15,4 faiz artırılaraq 75 manat çatdırılıb.
Nazirin sözlərinə görə, Dünya Bankının "Pensiya və sosial təminat layihəsi" çərçivəsində ölkə üzrə 6660 ev təsərrüfatında aparılmış monitorinqin nəticələrinə görə, ünvanlı yardımların təyinatlarında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunduğu müəyyən edilib və bu göstərici ünvanlı sosial yardım tətbiq edən ölkələr arasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilib.
"Tədqiqatlar onu da göstərib ki, Azərbaycanda sosial yönümlü proqramların icrası üçün ayrılan vəsaitlərin xərclənməsinin effektivlik göstəriciləri digər ölkələrlə müqayisədə daha yüksəkdir. Belə ki, ünvanlılığın səmərəliliyi sahəsində Azərbaycan MDB ölkələri arasında Ukrayna ilə 1-ci və 2-ci yerləri bölüşdürür", - Ələkbərov deyib.