...

Asiya İnkişaf Bankı Azərbaycanda əməliyyatlar üzrə biznes planı təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2011 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Asiya İnkişaf Bankı 2011-2013-cü illər üçün Azərbaycanda əməliyyatlar üzrə biznes planı təsdiq edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Gələn il ilk dəfə olaraq Azərbaycan ilə tərəfdaşlığın yeni strategiyasının hazırlanmsına başlanılacaq.

Yeni biznes plana əsasən, 2011-ci ildə AİB Azərbaycana 340 milyon dollar məbləğində kredit verəcək.

Biznes plana uyğun olaraq, AİB nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda AİB Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayıracaq. Bank, həmçinin Bakı ilə Gürcüstan arasındakı əsas magistral yolların maliyyələşdirilməsini də nəzərdən keçirir. Bakı ilə Gürcüstan arasındakı magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının əsas dəhlizi hesab edilir.

Enerji sektoru ilə bağlı investisiya proqramı milli paylama şəbəkəsinin gücləndirilməsi və yenilənməsini, enerji təminatı ilə bağlı etibralılığın artırılmasını, paylama zamanı itkilərin azaldılmasını, enerji sektorunun maliyyə, idarəetmə və əməliyyat sahələrinin təkmilləşdirilməsini nəzərdə tutur.

Şəhərdaxili xidmətlər sahəsində AİB Azərbaycan hökumətinə ikinci dərəcəli şəhərlərdə su təminatı və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsinə yardım göstərməkdə davam edəcək. AİB şəhərdaxili nəqliyyat layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirə bilər.

"Biz biznes planı hazırlayarkən Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmışıq. Biznes plan ilk növbədə hökumət üçün prioritet təşkil edən infrastruktur layihələrin inkişaf etdirilməsini hədəfə alıb. Biznes plan Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və diversifikasiyası ilə bağlı apardığı siyasətlə uzlaşır. Biz planın uğurla və effektiv şəkildə icra olunacağını gözləyirik. Biz inkişafa yardım göstərmək üçün Azərbaycanın yanındayıq", - yeni biznes planı şərh edən AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

AİB-in missiyası inkişaf edən üzv ölkələrə yoxsulluğu azaltmaqda kömək etmək, həyat şəraitini və həyat səviyyəsini yaxşılaşdırmaqdır. AİB kapitallaşdırılmış beynəlxalq bankdır və iqtisadi artım, davamlı inkişaf və regional inteqrasiya yolu ilə Asiyada və Sakit Okean hövzəsində yoxsulluğun azaldılmasına çalışır.

AİB 1966-cı ildə üzv dövlətlər tərəfindən Asiya İnkişaf Bankının yaradılması haqqında sazişə uyğun olaraq təsis edilib. 2010-cu il dekabrın 31-nə olan məlumata görə, AİB-in 67 üzvü var ki, bunlardan 48-i Asiya və Sakit Okean hövzəsində yerləşir.

AİB Manilada (Filippin) yerləşir və dünyanın müxtəlif yerlərində, o cümlədən Şimali Amerikada (Vaşinqton DC), Avropada (Frankfurt) və Yaponiyada (Tokio) ofisləri var.

Xəbər lenti

Xəbər lenti