Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir N.İsmayılova/
2011-ci ilin yanvar-may ayları ərzində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 56,6 tondan çox müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Qəbələ şəhərində "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda təşkil edilmiş konfransda Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.
Cümə günü keçirilən tədbirdə Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Qəbələ rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 120-dən çox istehlakçı iştirak edib.
İsayevin sözlərinə görə, bu dövrdə Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətaya yol vermiş şəxslər 449,8 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 139,8 min manat maliyyə sanksiyası tətbiq olunub.
İyunun 24-nə olan rəsmi məzənnə 0,7871 AZN/USD təşkil edir.