...

Azərbaycanda 40-dan artıq çörək və un məmulatları növü istehsal edəcək zavod tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 13:35 (UTC +04:00)
Azərbaycanda ilk dəfə 40-dan artıq çörək və un məmulatları növü istehsal edəcək zavod tikiləcək.
Azərbaycanda 40-dan artıq çörək və un məmulatları növü istehsal edəcək zavod tikiləcək

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycanda ilk dəfə 40-dan artıq çörək və un məmulatları növü istehsal edəcək zavod tikiləcək. Trend-in məlumatına görə, bu barədə "Delta Group" şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Ümumi dəyəri 25 milyon manat olacaq "Sağlam Qida" zavodunun təməlqoyma mərasimi bu ilin avqust ayının ilk on günlüyündə keçiriləcək. Zavodun istehsal edəcəyi çörəyin qiyməti növündən asılı olaraq 0,3 - 2 manat arasında dəyişəcək.

"Sağlam Qida" zavodu Sumqayıt şəhərində tikiləcək. Zavod İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun, "Paşabank"ın və "Commerzbank"ın ayırdığı kreditlər və "Delta Group" şirkətinin daxili maliyyə resursları hesabına tikiləcək. Zavodda istehsalat prosesi Almaniyanın "Werner Pfleiderer" şirkətinin texnologiyaları əsasında və beynəlxalq standartlara uyğun şəkildə qurulacaq. Tikinti işləri Türkiyənin "Meytek" şirkəti tərəfindən aparılacaq. Zavodda 500 nəfər işçinin çalışacağı planlaşdırılır. Gündəlik istehsal gücü 124 ton olacaq. 2013-cu ilin əvvəlinə bu rəqəmin 200 tona çıxarılacağı planlaşdırılır. İlk çörək məhsullarının 2012-ci il mayında satışa buraxılacağı gözlənilir.

Yeni çörək zavodunun tikintisi məsələsini şərh edən "Delta Group"un təsisçisi Aydın Mehdiyev deyib: "Bu zavodun Azərbaycanda analoqu yoxdur. İstehsalat prosesi beynəlxalq keyfiyyət standartlarına tam cavab verəcək. İstehsal edəcəyimiz çörək və un məmulatları HACCP gigiyena standartlarına uyğun istehsal olunacaq. Bizim üçün əsas olan alıcılarımızı münasib qiymətə yüksək keyfiyyətli çörək məhsulları ilə təmin etməkdir".

"Mən bu zavodun tikintisi məsələsində bizə dəstək verdikləri üçün Sahibkarlığa Kömək Milli Fonduna, "Paşabank" və "Commerzbank"a təşəkkürümü bildirmək istəyirəm. Bu zavod ölkəmizin qeyri-nef sektorunun inkişafına öz töhfəsini verəcək", - Mehdiyev bildirib.

"Delta Group" MMC 2001-ci ildə Azərbaycanda təsis edilib. Şirkət əsasən müxtəlif ərzaq və qida məhsullarının paylanması və istehsalı ilə məşğuldur. Şirkət Bakıda 4000-dən yuxarı ticarət məntəqəsinə xidmət göstərir və Azərbaycanın 9 regionunda filialı var. "Delta Group" İsrail, Gürcüstan, Ukrayna və Tacikistan kimi ölkələrdə də fəaliyyət göstərir. Şirkət "Anchor", "Wawel", "Amerlander", "Asnaf", "Ryaba", "Kamar" və s. kimi məşhur qida məhsullarının yayımı ilə məşğul olmaqla yanaşı, "Bismak" biskvit və makaron məmulatları, müxtəlif qida məhsullarının istehsalı ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti