...

Azərbaycanda endirim kampaniyalarının monitorinqinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2011 18:06 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamalara başlayıb.
Azərbaycanda endirim kampaniyalarının monitorinqinə başlanılıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamalara başlayıb.

"Bakı şəhəri, H.Əliyev küçəsi, ev 4, mənzil 1 ünvanında Fərid Şıxəliyevə məxsus uşaq geyimlərinin satışı mağazasında aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub", - nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumatda deyilir.

Mağazanın ön tərəfindəki pəncərələrin üzərində iri hərflərlə "Endirim 70% bütün mallara"sözləri yazılsa da, mağazada satılan 133 çeşiddə uşaq geyimlərinə ümumiyyətlə, endirim tətbiq edilmədiyi müəyyən olunub. Bundan başqa, mağazada satışda olan və etiketlərində əvvəlki və hazırkı qiymətlər göstərilmiş 85 çeşiddə uşaq geyimlərinə isə yalnız 40-60% endirim tətbiq edildiyi aşkar edilib.

Dövlət Xidməti istehlakçılara endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində alış-veriş edərkən diqqətli olmağı, endirimlərin reklamlarda göstərilən məlumatlara uyğunluğuna, malların üzərində malın adı, növü, habelə endirimdən əvvəlki və sonrakı qiyməti göstərilmiş müvafiq qiymət kağızının olmasına xüsusi diqqət yetirmələrini tövsiyə edir.

Endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, istehlakçılardan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti