...

Asiya İnkişaf Bankı Azərbaycandakı yol və enerji layihələrinin icmalına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2011 11:46 (UTC +04:00)
Bu gün Asiya İnkişaf Bankının (AİB) nəqliyyat və enerji missiyaları Azərbaycana gəlir. Trend-in məlumatına görə, bu barədə bankın Bakı nümayəndəliyinin yaydığı xəbərdə deyilir.
Asiya İnkişaf Bankı Azərbaycandakı yol və enerji layihələrinin icmalına başlayır

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir N.İsmayılova/

Bu gün Asiya İnkişaf Bankının (AİB) nəqliyyat və enerji missiyaları Azərbaycana gəlir. Trend-in məlumatına görə, bu barədə bankın Bakı nümayəndəliyinin yaydığı xəbərdə deyilir.

Hər iki missiya sentyabrın 13-dən 22-nə kimi davam edəcək.

AİB-in aparıcı nəqliyyat mütəxəssisi Reddi Bathulanın rəhbərlik etdiyi nəqliyyat missiyası 2010-cu ildə yekunlaşdırılmış Qazax-Gürcüstan sərhədi avtomobil yolunun ümumi statusunu nəzərdən keçirəcək. Missiya bu layihəni AİB-in prosedurları, siyasəti və standartları baxımından qiymətləndirəcək. Missiya, həmçinin AİB tərəfindən maliyyələşdirilən Masallı-Astara yolunun hazırkı mərhələsini də qiymətləndirəcək. Azərbaycanda olduğu müddətdə nəqliyyat missiyası Azərbaycanın hökumət rəsmiləri, Nəqliyyat, Maliyyə nazirlikləri, "Azəryolservis" ASC-nin nümayəndələri, layihələri icra edən agentliklər və müqaviləçilərlə görüşəcək.

AİB-in aparıcı enerji mütəxəssisi Tianhua Luonun rəhbərlik etdiyi enerji missiyası isə Azərbaycana AİB tərəfindən enerji sektorunda maliyyələşdirilən layihələri qiymətləndirmək üçün gəlir. Missiya əsasən "Enerjinin ötürülməsinin gücləndirilməsi" layihəsini nəzərdən keçirəcək. Layihə Mingəçevirdən Bakıya qədər yeni enerji xətlərinin çəkilişini ehtiva edir. Missiya layihənin icrasına təsir göstərən əsas məsələləri müəyyənləşdirəcək, layihənin vaxtında yerinə yetirilməsi üçün tədbirləri razılaşdıracaq və enerjinin paylanması ilə bağlı investisiya proqramının hazırlanmasını müzakirə edəcək. Enerji missiyası Maliyyə Nazirliyinin, "Azərenerji" ASC-nin, digər hökumət agentliklərinin nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla görüşəcək.

AİB 1966-cı ildə üzv dövlətlər tərəfindən Asiya İnkişaf Bankının yaradılması haqqında sazişə uyğun olaraq təsis edilib. 2010-cu il dekabrın 31-nə olan məlumata görə, AİB-in 67 üzvü var ki, bunlardan 48-i Asiya və Sakit Okean hövzəsində yerləşir.

AİB-in baş ofisi Filippinin paytaxtı Manilada yerləşir və dünyanın müxtəlif yerlərində, o cümlədən Şimali Amerika (Vaşinqton DC), Avropa (Frankfurt) və Yaponiyada (Tokio) ofisləri var.

Xəbər lenti

Xəbər lenti