Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qəbələ rayonundakı prioritet sahələrin maliyyələşdirilməsi üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Senytabrın 9-da "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.
Nəticədə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya müasir texnologiyanın tətbiqi ilə yenidən qurulması;
- ətlik və ya südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması;
-müasir suvarma sisteminin tətbiqi ilə intensiv bağçılıq (üzüm, alma və s.) təsərrüfatlarının yaradılması.
Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17