Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.İsmayılov/
1994-cü ildən Azərbaycanın neft-qaz sektoruna PSA müqavilələri çərçivəsində 44 milyard dollar sərmayə qoyulub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev çərşənbə axşamı Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbir zamanı bildirib.
Onun sözlərinə görə, bu dövr ərzində ARDNŞ 32 PSA tipli müqavilə imzalayıb.
"Müstəqillik illərində Azərbaycan ölkənin neft-qaz sektorunun inkişafı sahəsində böyük uğurlar əldə edib. Hazırda respublikanın qaz ehtiyatlarının artırılması üzrə aktiv işlər həyata keçirilir. O cümlədən, ötən il uzun illər ərzində ilk dəfə olaraq ARDNŞ öz vəsaitləri hesabına Xəzərin Azərbaycan sektorunda "Ümid" qaz yatağını kəşf edib", - Abdullayev deyib.
Onun sözlərinə görə, bundan başqa, bu il həmçinin fransalı tərəfdaşlarla birlikdə yeni "Abşeron" qaz yatağı kəşf edilib.
"Şirkət xarici tərəfdaşlarla birgə "Naxçıvan" perspektivli strukturunun işlənməsi planlarına da malikdir. "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun dərin qaz laylarının işlənməsi məsələsi də baxılma mərhələsindədir", - Abdullayev deyib.
ARDNŞ rəhbərinin qeyd etdiyi kimi, müstəqillik illərində neft və qaz emalı sahəsində böyük uğurlar əldə edilib.
"Hazırda şirkət bu istiqamətin inkişafı üzrə fəal işləri davam etdirir. Yaxın vaxtlarda Türkiyədə ARDNŞ-nin iştirak payına malik olduğu Petkim neft-kimya kompleksinin xammalla təchiz edilməsini nəzərdə tutan yeni neft emalı zavodunun təməlqoyma mərasimi keçiriləcək. Eləcə də 2012-ci ildə şirkət Sumqayıt şəhərində yeni karbomid gübrələri zavodunun tikintisinə başlamağı planlaşdırır", - Abdullayev deyib.
O, neft-qaz emalı sahəsində yeni layihə olan neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin tikintisinin həyata keçirilməsinin vacibliyini qeyd edib.
"Hazırda dünyada bu sahədə ixtisaslaşan aparıcı şirkətlərlə əməkdaşlıq etməklə bu kompleksin yaradılması üzrə aktiv işlər gedir", - Abdullayev deyib.