...

Bavariya Azərbaycana yüksək texnologiyalar təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2011 16:44 (UTC +04:00)
Bavariya Federal Torpağı Azərbaycan ilə Almaniya arasındakı əmtəə dövriyyəsinin təxminən 50 faizini təmin edir.
Bavariya Azərbaycana yüksək texnologiyalar təqdim edir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılova/

Bavariya Federal Torpağı Azərbaycan ilə Almaniya arasındakı əmtəə dövriyyəsinin təxminən 50 faizini təmin edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Bavariyanın İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin Beynəlxalq ticarət idarəsinin rəhbəri Ulrike Volf deyib.

Oktyabrın 19-da Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və DAWF-nin dəstəyi ilə II Azərbaycan-Bavariya biznes forumu keçirilib.

"Bavariya yüksək texnologiyaların istehsalında liderlərdən biridir. O, Azərbaycanda avtomatlaşdırma prosesinə dəstək verə bilər. Əyalət ərazisində istehsal edilən məhsulların təxminən 50 faizinin ixrac edilməsi diqqətəlayiqdir", - Volf bildirib.

Onun sözlərinə görə, Bavariya Azərbaycana ətraf mühitin qorunması və tibbi avadanlıqlar sahəsində yüksək texnologiyalar təqdim edə bilər.

AZPROMO-nun vitse-prezidenti Rüfət Məmmədovun sözlərinə əsasən, Bakıda Azərbaycan-Bavariya biznes forumunun keçirilməsi barədə qərar mayda Berlin və Münhendə keçirilən iki biznes forumunda Almaniya şirkətləri tərəfindən göstərilən böyük maraq nəticəsində qəbul edilib.

Biznes forumda İKT, nəqliyyat, logistika, tibb, energetika, yüngül sənaye sahələri üzrə Bavariyanın təxminən 20, Azərbaycanın isə təqribən 100 şirkəti təmsil olunub.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımovun sözlərinə görə, 2011-ci ilin yanvar-sentyabrında Azərbaycan ilə Almaniya arasında mal dövriyyəsi 804 milyon dollar təşkil edib. Burada idxal 650 milyon dollar, ixrac isə 154 milyon dollar olub.

Xəbər lenti

Xəbər lenti