...

Azərbaycan və Qazaxıstan ixracın və investisiyaların təşviqi sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Kaznex Invest" İxrac və İnvestisiyalar üzrə Milli Agentlik" SC bu gün qarşılıqlı əməkdaşlıq məsələlərinə dair Anlaşma memorandumu imzalayacaq. Bu barədə bazar ertəsi jurnalistlərə AZPROMO-nun prezidenti Adil Məmmədov deyib.

Memorandum Bakıda keçirilən Azərbaycan - Qazaxıstan biznes-forumu çərçivəsində imzalanacaq.

"Bu, investisiyalar baxımından sahibkarlığın inkişafına dəstək verəcək və dövlət dəstəyini gücləndirəcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, biznes-forumda hər iki ölkədən kənd təsərrüfatı, qida sənayesi, energetika, tikinti, maşınqayırma kimi müxtəlif sahələrdə fəaliyyət göstərən 80-ə yaxın şirkət iştirak edəcək.

"Azərbaycan şirkətləri qazax şirkətləri ilə əməkdaşlıqda, Qazaxıstanın qərbi ilə əlaqələrin qurulımasında maraqlıdırlar", - Məmmədov deyib.

O bildirib ki, son vaxtlar Azərbaycan şirkətləri Aktauda xüsusən yol tikintisində aktiv fəaliyyət göstərirlər.

"Kaznex Invest"in idarə heyəti sədrinin müavini Meyrjan Maykenovun sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında tarixən yaxşı əlaqələr qurulub.

"Qazaxıstan şirkətləri müxtəlif sahələrdə əməkdaşlığın qurulması üçün Azərbaycanın şirkətləri və dövlət strukturları ilə işləməyə hazırdırlar", - Maykenov bildirib.

Onun sözlərinə görə, biznes-forumda iştirak etmək üçün 21 şirkətin nümayəndələrindən ibarət nümayəndə heyəti gəlib. Onlar neft-qaz sektorunda, o cümlədən neft-qaz maşınqayırması sahəsində birgə müəssisələrin yaradılması, eləcə də ərzaq məhsullarının, tikinti materiallarının və əczaçılıq mallarının tədarükündə maraqlıdırlar.

AZPROMO Azərbaycan hökuməti tərəfindən 2003-cü ildə təsis edilib. Fondun idarəçiliyinin ali orqanı özəl sektor və beynəlxalq birliklərin nümayəndələrindən ibarət olan Himayəçilər Şurasıdır. İlkin olaraq fond ölkəyə xarici investisiyaların cəlb edilməsinin dəstəklənməsi üçün yaradılmışdı, lakin 2005-ci ildə onun funksiyalarına yerli məhsul və xidmətlərin təşviqi də əlavə olunub.

"Kaznex Invest" də 2003-cü ildə təşkil olunub və Qazaxıstanın inkişafı üzrə milli institutlardan biridir. Təşikilatın məqsədi Qazaxıstanın qeyri-xammal ixracının inkişafı və birbaşa xarici investisiyaların iqtisadiyyatın prioritet sektorlarına cəlb olunması üçün milli iqtisadiyyatın daha əlverişli şəraitin hazırlanması yolu ilə şaxələndirilməsinə kömək etməkdir.

2010-cu ildə iki ölkə arasında mal dövriyyəsi 2009-cu illə müqayisədə 64 faiz artıb. 2011-ci ilin birinci yarısında mal dövriyyəsi 142,07 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 2,1 faiz üstələyir.

Xəbər lenti

Xəbər lenti