...

Azərbaycan MDB ölkələrini iqtisadi cinayətlərlə mübarizədə fəaliyyətlərini əlaqələndirməyə çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2011 16:04 (UTC +04:00)
Vergi (maliyyə) Təhqiqat Orqanları Rəhbərlərinin Əlaqələndirmə Şurası hökumətlərarası orqanların vacib və effektiv əməkdaşlığıdır.
Azərbaycan MDB ölkələrini iqtisadi cinayətlərlə mübarizədə fəaliyyətlərini əlaqələndirməyə çağırır

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir N.İsmayılova/

Vergi (maliyyə) Təhqiqat Orqanları Rəhbərlərinin Əlaqələndirmə Şurası hökumətlərarası orqanların vacib və effektiv əməkdaşlığıdır. Trend-in məlumatına görə, bu barədə ölkənin vergilər nazirinin müavini Namiq Əliyev cümə axşamı Bakıda keçirilən MDB üzvü olan ölkələrin Vergi (maliyyə) Təhqiqat Orqanları Rəhbərlərinin Əlaqələndirmə Şurasının XIII iclasında deyib.

Onun sözlərinə görə, Şuranın əsas vəzifəsi MDB ölkələrinin müvafiq komponent orqanlarının iqtisadi təhlükəsizlik, iqtisadi və vergi cinayətləri sahəsində fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.

"Vergi və maliyyə cinayətlərinin təhqiqatı və qarşısının alınması ilə məşğul olan belə orqanların iqtisadi təhlükəsizlikdə rolu həm bugünkü iclasda təmsil olunan hər bir dövlət, həm də müxtəlif beynəlxalq birliklər üçün getdikcə daha önəmli olur, - Əliyev deyib. - Müasir şəraitlərdə təhdidlərin qlobal xarakteri hərtərəfli beynəlxalq əməkdaşlıq, o cümlədən MDB çərçivəsində məqsədyönlülük və aktuallığa əsaslanır".

Onun sözlərinə görə, MDB ölkələrinin vergi və maliyyə təhqiqatı orqanları rəhbərlərinin bu cür görüşləri iqtisadi təhlükəsizliyin möhkəmlənməsi və transsərhəd iqtisadi cinayətkarlıq təhdidlərinə qarşı mübarizə üçün böyük əhəmiyyətə malikdir.

"Ölkələrimizin vergi qanunvericiliyindəki müəyyən fərqlərə baxmayaraq, biz bir çox hallarda eyni problemlərlə üzləşirik ki, bu gün onların həlli hamı üçün çox vacibdir. Hesab edirəm ki, bu iclas oxşar formatda olan digər tədbirlər kimi fikir mübadiləsi və toplanmış təcrübə, məsələlərin müzakirəsi və birgə fəaliyyətin perspektivləri üçün geniş imkanlar yaradır", - nazir müavini deyib.

Əliyevin sözlərinə görə, savadlı və məqsədyönlü iqtisadi siyasət, vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi hesabına son on il ərzində ölkənin büdcəsinə vergi daxilolmaları 8,4 dəfə artıb. Qeyri-neft sektorunda artım 7,9 dəfə təşkil edir.

"Azərbaycanın vergi xidməti tərəfindən həyata keçirilən bir çox layihələr həm ölkəmizdə, həm də xaricdə böyük müsbət rezonans doğurur. Beynəlxalq vergi strukturlarının rəhbərləri bir fikirlə razılaşırlar ki, uzun illər ərzində Azərbaycan Vergilər Nazirliyi MDB iştirakçısı olan dövlətlər arasında ən yeni informasiya və elektron texnologiyaların tətbiqi sahəsində liderlərdən biridir", - o deyib.

Onun sözlərinə görə, 2000-ci ilin noyabrında Moskvada keçirilən və Əlaqələndirmə Şurasının əsasnaməsinin təsdiqləndiyi ilk iclasdan etibarən Azərbaycan Şuranın fəaliyyətində aktiv iştirak edir.

"Birgə operativ-profilaktik tədbirlər, cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə, kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması üzrə vergi tədqiqatları orqanlarının fəaliyyəti və korrupsiya cinayətkarlığına qarşı mübarizə, informasiya resurslarının mübadiləsi haqqında qərarları xüsusi qeyd etmək istərdim. Bunlar Əlaqələndirmə Şurasının iştirakçısı olan bütün ölkələrin iqtisadi inkişafında vacib rol oynayan çox aktual və mühüm məsələlərdir", - Əliyev deyib.

Şuranın ikigünlük iclası ərzində MDB məkanında iqtisadi təhlükəsizliyin müdafiəsində strukturun rolu, MDB ölkələri vergi (maliyyə) orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də cinayətkarlıqla mübarizə, birgə xüsusi əməliyyatların aparılması və əməliyyat-axtarış fəaliyyəti müzakirə olunacaq.

Görüşdə cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edən MDB ölkələrində rəhbər strukturların əlaqələndirici iclası və Nizamnaməsi haqqında qərarın layihəsinə baxılacaq.

MDB üzvü olan ölkələrin Vergi (maliyyə) Təhqiqat Orqanları Rəhbərlərinin Əlaqələndirmə Şurası 1999-cu ilin iyununda yaradılıb. Şuranın son iclası 2010-cu ildə Qazaxıstanda keçirilib.

Xəbər lenti

Xəbər lenti