Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbirlər N.İsmayılova, E.İsmayılov/
Azərbaycan bankı "Paşa Bank" noyabrın 17-də Tbilsidə keçirilməsi planlaşdırılan investisiya sammitinin sponsorlarından biri olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə "Paşa Bank"ın idarə heyətinin sədri Fərid Axundov deyib.
"Biz bu sammitdə iştirak etmək niyyətindəyik, eləcə də bu tədbirin sponsorlarından biriyik", - o deyib.
Sammitin baş sponsorlarından biri Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
Tbilisidəki sammitdə Gürcüstan hökumətinin və beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcəklər. Mərasimdə Gürcüstanın iqtisadi inkişaf perspektivləri üzrə müzakirələrin aparılması gözlənilir.
ARDNŞ Gürcüstannın neft-qaz bazarının fəal iştirakçısıdır. Dövlət şirkətinin bu ölkədəki maraqlarını "SOCAR Energy Georgia" təmsil edir.
Şirkət, xüsusilə, qazın distribusiyası və neft məhsullarının satışında (70 YDM şəbəkəsinə malikdir) öz fəaliyyətini aktivləşdirib. Şirkət eləcə də Gürcüstanın Kulevi Qara dəniz neft terminalının sahibidir.
Yaydan "Paşa Bank"ın Gürcüstanın bank bazarında nümayəndəliyi fəaliyyət göstərir. Bank 2011-ci ilin sonuna qədər tam bank kommersiya fəaliyyəti göstərməyə lisenziya almaq üçün Gürcüstan Milli Bankına müraciət etməyi planlaşdırır. "Paşa Bank"ın rəhbəri ümid edir ki, ilin əvvəlində törəmə bankın fəaliyyəti üçün lisenziya əldə ediləcək.
"Paşa Bank" xeyli müddətdir Gürcüstan bank və şirkətləri ilə işləyir. Gürcüstanın bank bazarına çıxmaqla banklara və korporativ sektora xidmət etmək istiqamətində fəaliyyəti daha aktiv davam etdirmək planlaşdırılır. Bu da bankın əsas gəlir mənbəyidir.
"Paşa Bank" 2007-ci ilin iyununda yaradılıb və Azərbaycan Mərkəzi Bankının 28 yanvar 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir.
Bankın səhmdarları strukturunda pay bölgüsü bu şəkildədir: "Paşa Holdinq"ə səhmlərin 60 faizi, ADOR ltd şirkətinə 30 faiz, Arif Paşayevə 10 faiz məxsusdur.