Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbirlər N.İsmayılova, E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi ilin sonuna qədər Bakıda nəqliyyatın intellektual idarə edilməsi sistemini istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
Onun sözlərinə görə, intellektual sistemin yaradılması çərçivəsində lazımi avadanlıqların quraşdırılması başa çatdırılır.
Layihənin ümumi dəyəri 76 milyon manat təşkil edir, lakin nazir müavininin sözlərinə görə, bu vəsait tam istifadə edilməyib.
Nazirliyin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədovun əvvəl dediyinə görə, 2014-2015-ci illərə qədər Bakını, Abşeron yarımadasını və ölkənin digər regionlarını əhatə edən nəqliyyatın intellektual idarə edilməsi sisteminin tam istismara verilməsi planlaşdırılır.
Pənahovun sözlərinə əsasən, Nəqliyyat Nazirliyi bu il olduğu kimi, gələn il də nəqliyyat sahəsində şəhər və regionlarda avtomobil yollarının tikintisini və yedinən qurulmasını əhatə edəcək layihələrin reallaşdırılması məqsədilə investisiya proqramı həyata keçirəcək. İnvestisiya proqramı dəmiryol nəqliyyatı sahəsində və nəqliyyat sektorunun mövcud problemlərinin aradan qaldırılması üzrə işləri əhatə edəcək.
Pənahov gələn il həyata keçirilməsi davam etdiriləcək layihələr arasında Azərbaycanın Gürcüstan ilə sərhədi istiqamətləri üzrə avtomobil yollarının, eləcə də Bakının qəsəbələrini birləşdirən cənub istiqamətləri və yollarının yenidən qurulmasını və genişləndirilməsini layihələrinin adını çəkib.
Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi 2012-ci ildə Bakıda yolayrıcıların tikintisi, Ziya Bünyadov prospektinin genişləndirilməsi və onun Bakı dairəvi yolu ilə birləşdirilməsi üzrə işləri davam etdirəcək. Dəmiryolların yenidən qurulması və yeni vaqon və lokomotivlərin alınması üzrə işlər davam etdiriləcək.
Hazırda Nəqliyyat Nazirliyi leysan yağışların nəticələrinin aradan qaldırılması üzrə işlər aparır. Leysandan sonra xüsusən ikinci kateqoriyalı yollarda asfalt örtüyündə deformasiyalar yaranıb. Bu deformasiyaların aradan qaldırılması üçün xüsusi tapşırıqlar verilib və hazırda briqadalar xarab olmuş yolların bərpası üzrə işlər aparırlar.
Pənahovun sözlərinə görə, Nəqliyyat Nazirliyi ictimai nəqliyyat üçün xüsusi zolaqların işlənməsi üzrə də işlər aparır. Bu, ictimai nəqliyyat üçün nəzərdə tutulan dayanacaqları digər nəqliyyatın tutmaması, eləcə də sərnişinlər tərəfindən ictimai nəqliyyat növlərindən daha fəal istifadə üçün lazımdır.