...

Azərbaycanda oktyabrda vergi qanunvericiliyini pozanlara qarşı 1 milyon manat maliyyə sanksiyası tətbiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2011 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci oktyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə Azərbaycanın vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2886 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Trend-in çərşənbə günü Vergilər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, operativ nəzarət tədbirləri zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 1 milyon 97 min manat məbləğində maliyyə sanksiyası və inzibati cərimə tətbiq olunub.

1716 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 266 vergi ödəyicisi tərəfindən valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 251 vergi ödəyicisi aşkar olunub, 388 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olması faktları müəyyən edilib.

Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 257 vergi ödəyicisi tərəfindən 614 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 67 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub.

Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı 185 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 5.260 manat dəyərində 2780 ədəd mal aşkar edilib.

Noyabrın 16-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti