Azərbaycan, Bakı, 16 noyabr /Trend/
Azərbaycanın maliyyə naziri Samir Şərifov "Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi" (KBSHL) üzrə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Maliyyə İdarəedilməsi şöbəsinin müdiri Ahmadou Moustafa Ndiayenin rəhbərlik etdiyi missiyanı qəbul edib.
Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşdə "Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi"inin icrasında əldə edilmiş irəliləyişlər nəzərdən keçirilib və 2012-ci ildə planlaşdırılan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, layihənin 7 əsas alt komponentlərindən 4-ü üzrə satınalmalar prosesi başa çatıb, qalan 3 və ən həcmli alt komponentlər üzrə satınalmalar prosedurunun ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Layihənin icrasında nəzərəçarpan irəliləyişlərin olduğunu qeyd edən missiya üzvləri bu nailiyyətlərin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Qeyd olunub ki, layihə çərçivəsində mühasibat uçotu, audit və maliyyə idarəetməsi sahəsində beynəlxalq standartlara uyğun sürətli islahatlar aparılır. O cümlədən, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Vahid Sertifikatlaşdırma Sistemi və "Dövlət sektorunun qurumları üçün elektron hesabat sistemi" yaradılır.
"Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi"inin məqsədi qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq korporativ və büdcə sektorları üçün maliyyə hesabatlarının tərtibində hesabatlılığın və şəffaflığın gücləndirilməsi və bu cür islahatların davamlılığının təmin edilməsi üçün institusional quruculuğun dəstəklənməsidir.