Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Rumıniyanın DELTA ACM 93 və MAXİ DESİGN şirkətləri ilə birgə Azərbaycanın "AzVirt" MMC şirkəti Buxarest dairəvi yolunun modernləşdirilməsi ilə bağlı elan olunmuş tenderin qalibi olmuşdur. Bu barədə şənbə günü Azərbaycanın Rumıniyadakı səfirliyi Rumıniyanın Milli Avtomagistral və Yollar Şirkətinə, eləcə də Rumıniya-Azərbaycan ikitərəfli Sənaye və Ticarət Palatasına istinadən məlumat verib.
Avropa İttifaqı fondları vasitəsilə maliyyələşdiriləcək layihənin dəyəri təxminən 31 milyon avro dəyərində ölçülür. Tender zamanı aparılan qiymətləndirilmədə sözügedən şirkətlər qrupu digər rəqibləri ilə müqayisədə 100 bal şkalası üzrə 100 bal toplamışdır.
"Bu əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin, ələlxüsus yerli sərmayədarların təkcə daxili bazarla kifayətlənməyərək eyni zamanda xarici bazarlara doğru irəliləmələri üçün təşviqedici iqtisadi alətlərin effektiv nəticələrindəndir. Bu hadisə həm də Azərbaycanın milli özəl şirkətlərinin texniki imkanlarının genişlənməsi, ölkəmizdə istifadə olunan qabaqcıl texnologiyanın Avropa və dünya standartlarına uyğunluğunun və bu kimi şirkətlərin beynəlxalq bazarlarda rəqabət qabiliyyətli fəaliyyətinin bariz nümunəsidir. Bu uğur, Azərbaycana məxsus iri özəl şirkətlərin xarici bazarlara sərmayə yatırmasına təkan verməklə ölkəmizin iqtisadi potensialının dünya miqyasında tanınmasına şərait yaratmaqdadır" deyə səfirliyin məlumatında bildirilir.