...

Sahibkarlığa Milli Kömək Fondu Bakı qəsəbəsində investisiya layihələrini maliyyələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2011 16:56 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib.
Sahibkarlığa Milli Kömək Fondu Bakı qəsəbəsində investisiya layihələrini maliyyələşdirir

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Noyabrın 18-də Suraxanı rayonunun Əmircan qəsəbəsində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Nəticədə Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- zeytunçuluq təsərrüfatlarının və müasir zeytun emalı fabrikinin yaradılması;
- faraş tərəvəz məhsullarının, eləcə də müxtəlif çiçəklərin yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması;
- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;
- yeni texnologiyaların tətbiqinə əsaslanan müasir quş kəsimi fabrikinin yaradılması;
- kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi investisiya layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti