...

Azərbaycanda nəzarət kassa aparatlarının qeydiyyata alınması barədə ərizə elektron formada təqdim edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2011 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Azərbaycan Vergilər Nazirliyi tərəfındən ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi ilə bir sıra layihələr həyata keçirilib.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məluymata görə, eyni zamanda, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə bağlı cari ilin iyul ayının 1-dən fərdi sahibkarların e-qeydiyyatı tətbiq edilib, digər dövlət qurumları ilə inteqrasiya daha da genişləndirilib, elektron ödəniş sisteminin yaradılması, kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı və digər elektron xidmətlərlə bağlı işlərin yerinə yetirilməsinə başlanılıb. Qeyd olunan işlərin davamı olaraq nəzarət-kassa aparatlarının (NKA) qeydiyyata alınması və qeydiyyatdan çıxarılması prosedurlarının elektron formada həyata keçirilməsinin təmin edilməsi məqsədilə "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş"də müəyyən dəyişikliklər edilib.

Belə ki, dəyişikliklərə əsasən NKA-nın qeydiyyata alınması barədə ərizə vergi orqanına elektron formada təqdim edilə bilər. Elektron formada ərizə həm vergi ödəyicisi tərəfindən, həm də müqavilə əsasında vəkil olunmuş Servis Texniki Xidmət Mərkəzi (bundan sonra STXM) tərəfindən göndərilə bilər. Daha konkret, vergi ödəyicisi qeydiyyat ərizəsini elektron formada göndərmək üçün öz istifadəçi adı, şifrə və parolu ilə İnternet Vergi İdarəsi portalına daxil olur və "Onlayn" kargüzarlıq bölümündə "Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" formasının qeydiyyata alınmaya aid müvafiq xanalarını doldurur.

Ərizəyə aşağıdakı sənədlər elektron formada (PDF fayl şəklində) əlavə edilir:

- STXM-in NKA-nın quraşdırılması barədə aktı;
- Ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek;
- Nəzarət-kassa aparatında quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in aktı. Həmin akta istifadədə olan nəzarət-kassa aparatının fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə NKA-ya mədaxil edilmiş dövriyyə barədə "Z" hesabatının surəti əlavə olunmalıdır. NKA-nın çekində Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş məlumatlar əks etdirilməlidir. NKA-nın qeydiyyat ərizəsinin STXM tərəfindən vergi orqanına elektron formada göndərilməsi üçün vergi ödəyicisi NKA-nın quraşdırılması barədə aktı tərtib edən STXM-ə müraciət edir və onunla müqavilə bağlayır.

Bu prosesin əksi zamanı da prosedur qaydalarında müvafiq olaraq dəyişikliklər edilib. Belə ki, NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizə vergi orqanına elektron formada həm vergi ödəyicisi tərəfindən, həm də STXM tərəfindən göndərilə bilər.

NKA-nın qeydiyyatdan çıxma ərizəsinin vergi ödəyicisi tərəfindən vergi orqanına elektron formada göndərilməsi üçün ödəyici öz istifadəçi adı, şifrə və parolu ilə İnternet Vergi İdarəsi portalına daxil olur və "Onlayn" kargüzarlıq bölümündə "Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" formasının qeydiyyatdan çıxmaya aid müvafiq xanalarını doldurur.

Ərizəyə elektron formada (PDF şəklində) aşağıdakı sənədlər əlavə edilir:
- STXM-in plombun zədələnməməsi barədə aktı (STXM-in bu aktında fiskal yaddaşın göstəricisi əks etdirilməlidir);
- EMQ-nin və ya ENL-nin işlək vəziyyətdə olmasını təsdiq edən akt;
- NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek.

NKA-nın qeydiyyatdan çıxma ərizəsinin STXM tərəfindən vergi orqanına elektron formada göndərilməsi üçün vergi ödəyicisi müqavilə bağladığı STXM-ə müraciət edir və "NKA-ya texniki xidmət kitabı", "NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı", Qeydiyyat vərəqəsi, texniki pasport həmin STXM-ə verilir.

Xəbər lenti

Xəbər lenti