Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir S.Ağayeva/
Qətər şirkətləri Azərbaycanın nəqliyyat sektorundakı layihələrin həyata keçirilməsində iştirak etmək niyyətindədir. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın Dohadakı səfirliyindən məlumat verilib.
Bu fikri ölkənin rəsmi şəxsləri Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla görüşdə bildiriblər.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov noyabrın 28-dən Qətərdə rəsmi səfərdədir.
Səfər zamanı azərbaycanlı nazir Qətər hökumətinin başçısı, xarici işlər naziri Həmad ben Casim ben Cabir əl-Tani ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Həmçinin Dohada Məmmədovun biznes və ticarət, iqtisadiyyat və maliyyə nazirləri, Qətər investisiya qrupunun və bir sıra məşhur Qətər şirkətlərinin rəhbərləri ilə görüşləri olub. Səfirliyin məlumatında deyildiyi kimi, həmin görüşlərdə nəqliyyat sahəsində qarşılıqlı yatırımların mümkünlüyü müzakirə olunub.
Səfər Qətərin kommersiya və ticarət naziri, nəqliyyat sektoruna nəzarət edən şeyx Casim bin Əbdül Əziz əl-Taninin dəvəti ilə həyata keçirilib.
Azərbaycanla Qətər arasında 2007-ci ildə Qətər əmiri şeyx Hamid bin Xəlifənin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış hava nəqliyyatı haqqında saziş mövcuddur. Cari ilin yanvarında xarixi işlər naziri Elmar Məmmədyarovun Qətərə səfəri zamanı iki ölkə arasında uçuşların həyata keçirilməsi haqqında saziş imzalanıb.
Noyabrın 30-na rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.