...

"Azərbaycan Dəmir Yolları" Bakı-Gəncə-Bakı istiqamətində yeni "Ekspress" qatarını xəttə buraxıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 13:30 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Gəncə-Bakı "Ekspress" qatarını xəttə buraxıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Azərbaycan Dəmir Yolları" Bakı-Gəncə-Bakı istiqamətində yeni "Ekspress" qatarını xəttə buraxıb (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Gəncə-Bakı "Ekspress" qatarını xəttə buraxıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Bununla əlaqədar olaraq, 602-601 saylı Bakı-Gəncə-Bakı "Ekspress" qatarının hərəkət cədvəli və dövriyyəsi 608-607 saylı qatara uyğunlaşdırılıb.

Bakı-Gəncə-Bakı "Ekspress" qatarı səhər saat 09:00-da Bakı sərnişin stansiyasından yola düşəcək, saat 16:20-də Gəncə stansiyasına çatacaq. Səhərisi gün səhər saat 09:00-da Gəncə stansiyasından yola düşəcək, saat 17:10-da Bakı sərnişin stansiyasına çatacaq.

Sərnişin sıxlığının artacağı təqdirdə, qatara fakültativ vaqon qoşulacaq.

602-601, 608-607 saylı Bakı-Gəncə-Bakı "Ekpress" qatarlarının Gəncə stansiyasından səhər saatlarında yola düşməsini və sərnişin sıxlığının az olmasını nəzərə alaraq, Bakıdan 9 dekabrdan və geriyə isə Mingəçevirdən 10 dekabrdan Bakı-Mingəçevir-Bakı istiqamətində hazırda hərəkət edən "Ekspress" qatarı ləğv olunur.

5 vaqondan ibarət olan "Ekspress" qatarının vaqonları VEST QAS müəssisəsi ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında bağlanmış müqaviləyə əsasən, 2009-cu ilin fevralında əsaslı bərpa-təmir üçün Slovakiyanın "Sazvrudki" zavoduna göndərilib, 2011-ci il oktyabrın 28-də isə ölkəyə gətirilib.

Vaqonlar əsaslı şəkildə tamamilə yenidən qurularaq, kreslolarla təchiz olunub və oturacaq tipli vilayətlərarası vaqonlara çevrilib. Vaqonların dördü "ekonomklass" olmaqla hər biri 60, biri isə "biznesklass" olmaqla 45 sərnişinin daşınması üçün nəzərdə tutulub. Hər bir vaqon daxili avadanlıqları və hərəkətedici hissələri müasir üslubda təmir olunmaqla yanaşı 4 ədəd televizor, içməli su, sensorlu idarəetmə sisteminə malik fotoeffekt tipli əl-üzyuyan, ekoloji təmiz ayaq yolu, monobloklu kondisioner sistemi və soyuducu agentlə, eyni zamanda ən son model generatorla təchiz olunub, noutbukların elektrik cərəyanına qoşulması, sərnişinlərə hər cür xidmətin göstərilməsi və s. üçün geniş imkanlar nəzərdə tutulub.

Elektrik avadanlıqlarının işinə nəzarət və onun idarəedilməsi toxunuşla tənzimlənən monitorlar vasitəsi ilə həyata keçirilir ki, bu da baş verə biləcək hər hansı nasazlığın vaxtında müəyyənləşdirilərək operativ şəkildə aradan qaldırılmasını təmin edir.

Bu vaqonların istismar müddəti 28 il, yəni sürəti saatda 160 km olmaqla 2039-cu ilə qədər nəzərdə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakı dəmir yolu stansiyasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti