Azərbaycan, Bakı, 10 dekabr /Trend müxbir N.İsmayılova/
Noyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda 4,471 milyon ədəd ödəniş kartı var. Bu da oktyabr ərzində 0,3 faiz, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 9 faiz artım deməkdir. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında məlumat verilir.
Bankomat və POS-terminallar vasitəsilə ödəniş kartları üzrə ümumi dövriyyə 585 milyon manat, əməliyyatların ümumi sayı 4,063 milyon ədəd təşkil edib.
Debet kartlar üzrə əməliyyatların ümumi sayı 3,806 ədəd, həcmi isə 518 milyon manat təşkil edib.
Debet kartlar üzrə əməliyyatların ümumi sayından bankomatlar vasitəsilə 28 milyon manat məbləğində 94 min, POS-terminallar vasitəsilə 15 milyon manat məbləğində 34 min əməliyyat yerinə yetirilib.
Noyabrın 1-nə olan məlumata əsasən, ölkədə 2073 bankomat fəaliyyət göstərib, onlardan 1154 ədədi Bakıda, 919 ədədi isə ölkənin digər şəhər və rayonlarında yerləşir. Onların ümumi sayı 10 ay ərzində 181 ədəd və ya 9,6 faiz artıb.
Noyabrın 1-nə olan məlumata görə, POS-terminalların sayı 12477 ədəd təşkil edib ki, onlardan 11463 ədədi Bakıda, 1014 ədədi isə digər şəhər və rayonlarda yerləşir. Onların sayı ilin əvvəlindən 4605 ədəd (58,5 faiz) artıb.
Dekabrın 10-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.