Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir E.İsmayılov/
Azərbaycan hökuməti qarşısında duran başlıca vəzifə yaxın 10 il ərzində ÜDM-də qeyri-neft sektorunun payının 80 faizə çatdırılmasıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu, innovativ inkişafın hərtərəfli stimullaşdırılması, sənaye zonalarının yaradılması, müasir texnologiyalar əsasında istehsalatın genişləndirilməsi sayəsində mümkün olacaq.
"Bunun üçün müasir texnologiyalar əsasında rəqabətədavamlı ixrac yönümlü malların istehsalı, kənd təsərrüfatında yeni metodların tətbiqinin genişləndirilməsi və digər tədbirlərin görülməsi vacibdir", - nazir deyib.
2011-ci ilin yanvar-noyabrında Azərbaycanda ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 0,2 fazi artaraq 45,5 milyard manat təşkil edib. ÜDM-in nominal artımı 19 faiz səviyyəsində olub.
Adambaşına ÜDM-in həcmi 5026,3 manat (6362,4 dollar) olub.
İl ərzində qeyri-neft sektoru 9,5 faiz artaraq 21,5 milyard manat təşkil edib, neft-qaz sektoru isə 9,1 faiz azalıb.
Çərşənbə günü Bakıda "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda dörd qitədən 33 ölkədən, eləcə də Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və digərləri kimi nüfuzlu dövlətlərdən 60-dan artıq nümayəndə iştirak edir.
Hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd bütün bu problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir.