Azərbaycan, Bakı, 6 yanvar /Trend müxbir N.İsmayılova/
Ötən il Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 95,54 milyon manat və ya 121 milyon dollar dəyərində kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə günü AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.
Dekabrda 9,66 milyon manat kredit ayrılıb.
AİF xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2011-ci ilə qədər 345,44 milyon manat məbləğində ipoteka krediti verilib.
2011-ci ildə əvvəl bankların verdiyi kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 77 milyon manat təşkil edib.
2011-ci ildə dövlət büdcəsindən sosial ipotekanın maliyyələşməsi üçün nəzərdə tutulduğu kimi 20 milyon manat ayrılıb.
Adi ipoteka ipoteka istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına maliyyələşdirilir. 2011-ci il ərzində AİF 77 milyon manat məbləğində istiqraz yerləşdirib.
Gənclərin və gənc ailələrin payına verilən ümumi kreditlərin (borcalanların 41 faizi 18-29 yaşda, 31 faizi isə 30-35 yaşda olub) 72 faizi düşür. Kreditlərin 28 faizi 36 yaşdan yuxarı borcalanların payına düşür.
Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.
Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.
Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbiçilərə şamil edilir.
Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.
Hazırda İpoteka Fondunun 26 müvəkkil bankı var.
Yanvarın 6-na olan rəsmi məzənnə 0, 7864 AZN/USD təşkil edir.