...

Azərbaycanın səhm bazarı ikiqat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 20:43 (UTC +04:00)
2011-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarının bütün seqmentlərində canlanma müşahidə edilib ki, nəticədə bazarda əməliyyatların həcmi 3,8 dəfə artıb.
Azərbaycanın səhm bazarı ikiqat artıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir N.İsmayılova/

2011-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarının bütün seqmentlərində canlanma müşahidə edilib ki, nəticədə bazarda əməliyyatların həcmi 3,8 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaydığı məlumatda deyilir.

"2011-ci il ərzində ölkənin qiymətli kağızlar bazarında əməliyyatların sayı 23 faiz, əməliyyatların həcmi isə 3,8 dəfə artaraq 8 862 milyon manat təşkil edib", - məlumatda bildirilir.

2011-ci ildə ölkənin korporativ qiymətli kağızlar bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 13 faiz, əməliyyatların həcmi isə 2,7 dəfə artaraq 2144 milyon manat təşkil edib. Korporativ qiymətli kağızlarla əməliyyatların 48 faizini səhmlər, 52 faizini isə korporativ istiqrazlar təşkil edib.

Məlumatda deyilir ki, hesabat dövründə səhmlərlə aparılan əməliyyatların həcmi 2 dəfə artaraq 1029 milyon manat təşkil edib, əməliyyatların sayı isə 14 faiz artıb. Korporativ istiqrazlar bazarında əməliyyatlar 3,7 dəfə artaraq 1115 milyon manat təşkil edib.

Hesabat dövründə korpotativ borc alətlərinin ilkin bazarı 4 dəfə artaraq 584,7 milyon manat təşkil edib.

İl ərzində dövlət qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə, əməliyyatların həcmi isə 4,4 dəfə artaraq 6 717 milyon manat təşkil edib. Dövlət qiymətli kağızlar bazarında əməliyyatların 4 faizini Maliyyə Nazirliyi tərəfindən emissiya olunan dövlət istiqrazları, 10 faizini Mərkəzi Bankın notları, 86 faizini isə qiymətli kağızlarla repo əməliyyatlar təşkil edib.

2011-ci il ərzində sterilizasiya alətləri olan Mərkəzi Bankın notları ilə əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 faiz, notlarla əməliyyatların həcmi isə 2,9 dəfə artaraq 655 milyon manat təşkil edib. Cari il ərzində dövlət istiqrazlarının ilkin və təkrar bazarının həcmi 38,5 faiz azalıb, lakin müxtəlif müddətli istiqrazların gəlirlikləri üzrə artım müşahidə olunub. Hesabat dövrü ərzində repo əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 faiz, əməliyyatların həcmi isə 6,9 dəfə artaraq 5781 milyon manat təşkil edib. Hesabat dövrü ərzində repo əməliyyatların 99 faizi Mərkəzi Bankın notları, 1 faizi isə dövlət istiqrazları vasitəsilə həyata keçirilib.

Yanvarın 18-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti