...

2012-ci ildə Azərbaycanda nağdsız hesablaşmaların ciddi artımı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 17:55 (UTC +04:00)
Azərbaycanın "GoldenPay" iri ödəniş sistemi 2012-ci ildə dövriyyənin altı dəfə artımını gözləyir.
2012-ci ildə Azərbaycanda nağdsız hesablaşmaların ciddi artımı gözlənilir

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın "GoldenPay" iri ödəniş sistemi 2012-ci ildə dövriyyənin altı dəfə artımını gözləyir. Bu barədə cümə axşamı Trend-ə şirkətin icraçı direktoru Fərid İsmayılzadə deyib.

"Bizim sistemlə keçən ödənişlərin həcmi hər il 5 dəfədən çox artım nümayiş etdirir. 2010-cu ildə o, 5 dəfə çoxalıb, 2011-ci ildə isə 6 dəfə artıb. Belə bir nəticəni 2012-ci ilin yekunları üzrə də gözləyirik. Bu gün bizim sistemə artıq 100-dən artıq şirkət qoşulub, lakin ödənişlərin böyük hissəsi yalnız onlardan 30-nun payına düşür", - İsmayılzadə bildirib.

Onun sözlərinə görə, nağdsız ödənişlərin artımını stimullaşdırmaq üçün şirkət əhalini plastik kartlar vasitəsilə internetdən mütəmadi ödəniş etməyə təşviq etmək niyyətindədir.

İcraçı direktorun sözlərinə görə, bu gün "GoldenPay" sistemi bütün mobil operatorlar, internet-provayderlər, kabel televiziyası operatorları, kommunal xidmətlərin ödənişini həyata keçirməyə imkan verir.

"Bizim bu il üçün məqsədimiz prosesə daha çox operatorların qoşulmasından ibarət deyil. Məqsəd ödəyicilərin sayının ciddi şəkildə artırılmasıdır", - İsmayılzadə qeyd edib.

Onun sözlərinə görə, 2011-ci il ərzində "GoldenPay"in dövriyyəsi 2010-cu ildəki 1,5 milyon manata qarşı təxminən 8 milyon manat təşkil edib.

"Bazarın potensialı çox böyükdür, məsələn, əhali hər ay bütün bu xidmətlərin ödənişinə təxminən 120 milyon manat nağd məbləğ göndərir, bizim sistemimizdən isə ancaq 1,2 milyon manat keçir, yəni biz bazarın yalnız 1 faizini tuturuq. Bir adamın orta hesabla ödənişi ayda 40 manat təşkil edir", - o qeyd edib.

Şirkət 2012-ci ilin sonuna qədər bazarda payını 10 faizə qədər artırmağı və aylıq dövriyyəni ayda 12 milyon manata çatdırmağı planlaşdırır.

"Biz bu göstəricilərə cari ildə www.hesab.az portalımızın fəal irəliləyişi yolu ilə çatmağı planlaşdırırıq. Biz, həmçinin daha çox insanı nağdsız ödənişə cəlb etmək məqsədilə mobil operatorlarla danışıqlar aparmaq niyyətindəyik", - İsmayılzadə vurğulayıb.

Bu məqsədlə əhaliyə portalın mobil variantı təqdim ediləcək. Elektron kisə vasitəsilə SMS nota vermə, avtomobil ödənişi, aviabiletlərin və kinoteatrlara biletlərin alınması imkanı verilir.

"Bir neçə ay ərzində sistemimizdə yol polisinin yazdığı cərimələrin ödənişinin keçirilməsinə başlamağı planlaşdırırıq. Biz, həmçinin "Elekton hökumət" dövlət proqramında fəal iştirak etmək niyyətindəyik. İnternet şəbəkəsi ilə vergilərin ödənişinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyi ilə də danışıqlar aparılır", - o deyib.

Yanvarın 19-na olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti