Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir A.Axundov /
Dördüncü rübün yekunlarına əsasən, fiziki şəxslərin Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan banklardakı ümumi əmanətləri 6,33 faiz artaraq 3,7653 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fondun məlumatında deyilir.
Bu həcmdən 2,275 milyard manat qorunan əmanətlərə, 1,488 milyard manat isə qorunmayan əmanətlərə aiddir. Hesabat dövründə qorunan əmanətçilərin sayı 5 782 milyon nəfər təşkil edib.
Dörd rüb ərzində Fondun 43 üzv bankının təqvim haqları 1,475 milyon manat, 1,487 milyon dollar və 196 min avro təşkil edib.
Fondun sığorta ehtiyatları üçüncü rüb ərzində 6,62 faiz artaraq 41,9 milyon manat təşkil edib.
2010-cu il iyunun 1-dən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
ADIF 2007-ci il 13 avqustda fəaliyyətə başlayıb. Hazırda ölkədə fəaliyyət göstərən 44 bankdan 43-ü Fondun üzvüdür. Bir bank isə Mərkəzi Bankın tələblərinə cavab vermədiyi üçün məhdud lisenziya ilə fəaliyyət göstərir və əmanətlərin qəbulunu apara bilmir.
Yanvarın 31-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.