Azərbaycan, Bakı, 1 fevral /Trend/
Bu il Bolqarıstanın 10-dan çox şirkəti, o cümlədən aparıcı turizm operatorları "AITF-2012" sərgisinin ziyarətçi və iştirakçılarını öz xidmətləri ilə tanış edəcək.
Bundan əlavə, Bolqarıstan "AITF-2012" sərgisində qonaq ölkə kimi çıxış etməyi qərara alıb. Bununla bağlı Bolqarıstan Respublikası iqtisadiyyat, enerji və turizm nazirinin müavini İvo Marinov qeyd edib: "Biz ölkələrimiz arasında turizm sahəsində böyük əməkdaşlıq potensialının mövcud olduğunu görürük və buna görə də, "AITF-2012" sərgisində çıxış edirik. 2011-ci ilin payız aylarında Bolqarıstan Respublikası iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov Azərbaycana səfəri zaman, Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulamışdı. Bununla əlaqədar həm Azərbaycandan Bolqarıstana, həm də Bolqarıstandan Azərbaycana turist axınını optimallaşdırmaq üçün bir sıra tədbirlərin keçirilməsi ilə bağlı qərar qəbul olundu və Bolqarıstan bu imkandan istifadə edərək "AITF-2012" sərgisində öz milli stendi ilə çıxış etmək qərarına gəldi. Biz əminik ki, "AITF" sərgisində iştirakımız ölkələrimiz arasında turizm əlaqələrinin inkişafına təkan verəcəkdir".
Öz növbəsində "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov da bu əməkdaşlığı belə şərh etdi: "Biz çox şadıq ki, bu il Bolqarıstan "AITF" sərgisində fəal iştirak edəcək. Şübhəsiz ki, AİTF sərgisi Bolqar şirkətlərinə özlərini Azərbaycandan olan turistlərə tanıtmaq və yerli turizm şirkətkəri ilə möhkəm işgüzar əlaqələr yaratmaq üçün yaxşi bir fürsət olacaq".
Bu il Azərbaycanın ənənəvi turizm sərgisi "AITF-2012" aprel ayının 12-dən 14-dək "Bakı Ekspo" mərkəzində keçiriləcək.