...

Bakıda suyun verilməsi qrafikində dəyişiklik yoxdur - "Azərsu"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 13:32 (UTC +04:00)
Bakıda hava şəraitinin pisləşməsinə baxmayaraq, əhaliyə suyun verilməsi qrafikində dəyişiklik yoxdur. Bu barədə cümə axşamı Trend-ə "Azərsu" ASC-dən məlumat verilib.
Bakıda suyun verilməsi qrafikində dəyişiklik yoxdur - "Azərsu"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 fevral /Trend müxbir A. Axundov/

Bakıda hava şəraitinin pisləşməsinə baxmayaraq, əhaliyə suyun verilməsi qrafikində dəyişiklik yoxdur. Bu barədə cümə axşamı Trend-ə "Azərsu" ASC-dən məlumat verilib.

"Su əvvəl verilən qrafikə uyğun verilir. Magistral su kəməri xətlərində suyun donması halları yoxdur, su şəhərə bütün mənbələrdən daxil olur" , - "Azərsu"dan bildirilib.

Şirkətin "qaynar xətt"inə daxil olan müraciətlər əsasən, borularda suyun donması halları ilə bağlıdır.

"Su kəmərlərində, xüsusən, şəxsi evlərdə suyun donması halları müşahidə edilir. Bu, bizim xidmət göstərmədiyimiz sahədir. Tikinti normalarına əsasən, borular yerin altından salınmalıdır, lakin bir çox şəxsi evlərdə borular yerin üstündədir, buna görə də onlarda su donur" , - şirkətdən deyilib.

Müraciətlər əsasən şəxsi evlərin çox olduğu Suraxanı, Binəqədi, Qaradağ və digər rayonlardan daxil olur.

Hava şəraiti ilə əlaqədar olaraq, operator gücləndirilmiş iş rejiminə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan əvvəl Trend-ə bildirilib ki, bu gün Bakı və Abşeron yarımadasında gecə və gündüz 0-3 dərəcə şaxta olacaq, çovğunla müşahidə edilən güclü şimal-qərb küləyi əsəcək, yollar buz bağlayacaq.

Fevralın 3-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20 metr, arabir 23-25 metr sürətilə əsəcək, günün ikinci yarısında saniyədə 9-14 metrədək zəifləyəcək.

Havanın temperaturunun gecə 4-7 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacağı gözlənilir, yollar buz bağlayacaq.

Şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti