...

Bakı aeroportu gecikən aviareyslərin sərnişinləri üçün zəruri şərait yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 19:11 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanında hava şəraiti səbəbindən gecikən reyslərin göndərilməsini gözləyən sərnişinlər üçün bütün zəruri şərait yaradılıb.
Bakı aeroportu gecikən aviareyslərin sərnişinləri üçün zəruri şərait yaradıb

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.İsmayılov/

Heydər Əliyev Beynəlxalq Hava Limanında hava şəraiti səbəbindən gecikən reyslərin göndərilməsini gözləyən sərnişinlər üçün bütün zəruri şərait yaradılıb. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Səfərlinin sözlərinə görə, hazırda onların sayı çox da böyük deyil, belə ki, sərnişinlərin çoxu ya aviareyslərin gecikməsi haqqında qabaqcadan öyrənir, ya da aeroportu tərk edirlər.

Onun sözlərinə görə, aeroport tranzit aviareyslərin, habelə Bakıya uçan digər aviaşirkətlərin aviareyslərinin qəbulu və xidməti üçün yerli vaxtla saat 00:00-a qədər bağlıdır.

Səfərli qeyd edib ki, onlar Azərbaycanın digər aeroportlarında, məsələn, Gəncədə enmək qərarına gələ bilərlər. Necə ki, bunu Yekaterinburq və Nijni Novqorod təyyarələri ediblər.

"Azərbaycan Hava Yolları"nın reyslərinin qəbulu onların gəlməsindən asılı olaraq həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Bakıda axşam və səhər 0-3 dərəcə şaxta gözlənilir.

Səfərli bildirib ki, Bakı-Moskva marşrutu üzrə reys yola salınmağa hazırlaşır. Bu reys bu gün bir müddət əvvəl uçmalı idi, lakin pis hava şəraiti səbəbindən yubanıb.

Onun sözlərinə görə, saat 16:28-də Bakı-Praqa marşrutu üzrə reys göndərilib.

Xəbər lenti

Xəbər lenti